...

Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi tələbə gəncləri aclıq aksiyasını dayandırmağa çağırıb

Siyasət Materials 17 Yanvar 2006 17:26 (UTC +04:00)

Gənclər siyasətini həyata keçirən dövlət orqanı kimi Gənclər, İdman və Turizm Nazirliyi çoxsaylı müraciətlərə cavab olaraq bəyan edir ki, demokratik, hüquqi dövlət quruculuğu yolu tutan, ümumbəşəri və milli-mənəvi dəyərlərin bərqərar olduğu müstəqil Azərbaycan Respublikasında insanların, o cümlədən gənclərin siyasi baxışları onların təhsil hüquqlarının pozulmasına əsas olmamalıdır.

Gənclər, İdman və Turizm Nazirliyindən Trend ə daxil olan bəyanatda bildirilir ki, nazirlik eyni zamanda, siyasi baxışlarına görə oxuduqları ali məktəblərdən xaric olunduqlarını iddia edən və buna qarşı qeyri-demokratik üsullara əl atan gənclərə bildirir ki, təhsil aldıqları ali məktəblərin daxili nizam-intizam qaydalarına əməl etmək, davamlı olaraq dərslərdə iştirak etmək, akademik borcları vaxtında ödəmək hər bir tələbənin borcudur və bunlara əməl etməyənlərin ali məktəbdən xaric edilməsi siyasiləşdirilməməlidir.

Gənclər, İdman və Turizm Nazirliyi baş vermiş hadisələri bir daha pisləyərək, tələbə gəncləri bu aksiyanı dayandırmağa və aidiyyatı dövlət orqanlarını, ali təhsil müəssisələrinin rəhbərlərini ictimaiyyətin və gənclərin narahatlığına səbəb olan bu problemin ədalətli həlli yollarını bir daha ətraflı müzakirə etməyə çağırır.

Qeyd olunur ki, insan hüquq və azadlıqlarının bərpası, demokratik dəyərlərin real həyatda öz əksini tapması bu gün bütün dünya ölkələrini düşündürür və bu istiqamətdə konkret mexanizmlər işlənib hazırlanır. Azərbaycanın konstitusiyasında da bütün insan hüquq və azadlıqları öz əksini tapıb.

Son günlər təhsil hüquqlarının pozulduğunu iddia edən bir qrup tələbənin aclıq aksiyasına başlaması, icazəsiz etiraz tədbirlərinin keçirilməsinə cəhd göstərilməsi bütün ictimaiyyət, o cümlədən gənclər tərəfindən narahatlıqla qarşılanmış, bununla əlaqədar aidiyyatı orqanlara, eləcə də Gənclər, İdman və Turizm Nazirliyinə çoxsaylı müraciətlər daxil olmuşdur. Müraciətlərdə bu hadisələrin müxalif mövqeli bəzi kütləvi informasiya vasitələri tərəfindən siyasiləşdirilərək ictimaiyyətə təqdim edilməsi, Azərbaycan naminə çalışmaq əvəzinə, öz şəxsi mənafelərini daha üstün tutan bəzi insan hüquq müdafiəçilərinin bu faktdan Azərbaycan əleyhinə istifadə etməsi təəssüflə qeyd olunur, təhsil müəssisələri və tələbələr arasında yaranmış anlaşılmazlıqların araşdırılması və ədalətli həllinin zəruriliyi vurğulanır.

Xəbər lenti

Xəbər lenti