...

İbrahim Nəbioğlu: "Türkiyə parlamentində Xocalı faciəsinin yüksək səviyyədə yad edilməsi Azərbaycan üçün əhəmiyyətli hadisə oldu"

Siyasət Materials 24 Fevral 2006 13:48 (UTC +04:00)
İbrahim Nəbioğlu: "Türkiyə parlamentində Xocalı faciəsinin yüksək səviyyədə yad edilməsi Azərbaycan üçün əhəmiyyətli hadisə oldu"

Fevralın 25-də Türkiyənin İstanbul şəhərində Türk Solu Dərnəyində Azərbaycan diaspor təşkilatlarının iştirakı ilə Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar simpozium keçiriləcək. Bu barədə Trend agentliyinə Azərbaycanın İstanbuldakı Baş Konsulu İbrahim Nəbioğlu məlumat verib. O bildirib ki, şənbə günü keçiriləcək simpoziumdan əvvəl Xocalı soyqırımını əks etdirən fotostend nümayiş etdiriləcək. Fevralın 26-da isə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu konfrans keçirəcək, tədbirdə Azərbaycan diaspor təşkilatları və diplomatları ilə bərabər Türkiyə ictimaiyyətinin nümayəndələri də iştirak edəcək. İbrahim Nəbioğlunun sözlərinə görə, konfransın sonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə çəkilmiş Xocalı soyqırımına aid film nümayiş etdiriləcək.

İ.Nəbioğlu bildirib ki, bu film artıq bir neçə gündür ki, Türkiyənin ayrı-ayrı televiziya kanallarında nümayiş etdirilir. Həmçinin, tanınmış telejurnalist Mehriban Ələkbərzadənin Xocalı soyqırımına həsr etdiyi sənədli film də müxtəlif kanallarda fevralın 26-dək yayımlanacaq. Qəzetlərdə də Xocalı faciəsi haqqında müxtəlif yazılar, məqalələr, fotolar dərc olunur.

İ.Nəbioğlu deyib ki, Xocalının ildönümünə aid artıq bir sıra tədbirlər təşkil olunub, fevralın 22-də Dünya Azərbaycanlılar Konqresinin (DAK) təşkilatçılığı ilə İstanbulun ən böyük və mərkəzi meydanı olan "Taksim" meydanında kütləvi mitinq keçirilib. Aksiyada azərbaycanlı tələbələr, yerli ictimaiyyət nümayəndələri, DAK üzvləri, İstanbulda fəaliyyət göstərən Azərbaycan dərnəkləri fəal iştirak edib. Mitinq iştirakçıları Xocalı soyqırımını törədənləri lənətləyib, faciə qurbanlarının xatirəsini yad ediblər və sonda soyqırımla bağlı bəyanat KİV-lərə paylanılıb. İ.Nəbioğlunun sözlərinə görə, bu aksiyanın ən önəmli nəticəsi odur ki, ilk dəfə Türkiyənin kütləvi informasiya vasitələri Xocalı soyqırımına bu qədər geniş yer ayırıb.

Baş Konsul onu da bildirib ki, Xocalı faciəsinin 14-cü ildönümünə həsr olunmuş tədbirlər paytaxt Ankarada və Türkiyənin digər şəhərlərində düzənlənir. Ankarada Böyük Millət Məclisində keçirilən dinləmələrdə Azərbaycandan üç millət vəkilinin iştirak etdiyini xatırladan İ.Nəbioğlu fevralın 24-də Ankaranın "Esterbom" qalasında Xocalıya dair mərasim keçirildiyini deyib. İstanbuldakı Baş Konsulumuz hesab edir ki, Türkiyə parlamentində Xocalı hadisənin yad edilməsi Azərbaycan üçün əhəmiyyətli hadisə kimi qiymətləndirilməlidir: "Çünki Azərbaycanla Türkiyə nə qədər dost və qardaş ölkələr olsa da, Türkiyə xarici dövlətdir. Azərbaycanlılara qarşı törədilmiş cinayətin başqa bir dövlətin parlamentində yüksək səviyyədə müzakirəyə çıxarılması, faciənin törədilməsinin kəskin pislənilməsi çox önəmli məsələdir. İşğalçı və terrorçu ermənilərə qarşı mübarizədə biz dostlarımızla müştərək addımlar atmasaq, problemlərimizdən də yaxa qurtara bilmərik"-deyə İ.Nəbioğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti