...

Azərbaycanın Gürcüstandakı səfirliyi Xocalı faciəsinin 14-cü ildönümünə həsr olunmuş tədbirlər keçirir

Siyasət Materials 24 Fevral 2006 19:26 (UTC +04:00)

Fevralın 24 - 25-də Azərbaycanın Gürcüstandakı səfirliyi Tiflis və Qardabanidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində ermənilərin törətdiyi faciənin 14-cü ildönümünə həsr olunmuş matəm tədbirləri keçirəcək.

Səfirliyin mətbuat xidmətində Trend ə bildirilib ki, tədbirlərdə Azərbaycan və Gürcüstan ictimaiyyətinin nümayəndələri, eləcə də Gürcüstanın parlament və hökumət nümayəndələri, həmçinin Gürcüstana akkreditasiya olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcək. Tədbir çərçivəsində Azərbaycanın Gürcüstandakı Müvəqqəti işlər vəkili Surxay Əliyevin də çıxışı planlaşdırılır.

Tədbir iştirakçılarına təkcə Azərbaycan tarixinə deyil, həm də dünya tarixinə ən dəhşətli faciələrdən biri kimi yazılmış, Sonqmi, Babi Yar və Osvensim faciələrində olduğu kimi kiçik bir şəhərin dinc əhalisinə tutulmuş qanlı soyqırımın əks olunduğu film nümayiş etdiriləcək. Həmin qanlı faciədə həlak olmuş günahsız insanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Azərbaycanın Gürcüstandakı səfirliyinin yerləşdiyi binanın foyesində Xocalı hadisəsinin qurbanlarına həsr olunmuş fotosərgi, eləcə də Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ haqqında reallıqlar" nəşrlər silsiləsinin təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti