...

Əli Əhmədov: "YAP-ın müstəqil namizədləri vahid siyahıda təmsil olunan namizədlərin xeyrinə geri çəkilməlidir"

Siyasət Materials 27 Fevral 2006 11:49 (UTC +04:00)

"Yeni Azərbaycan Partiyasının (YAP) müstəqil şəkildə təkrar seçkilərə qatılan üzvləri partiyanın vahid siyahısında təmsil olunan namizədlərin xeyrinə geri çəkilməlidir". Bu barədə Trend ə YAP sədrinin müavini, icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

O qeyd edib ki, hər hansı bir təşkilatda təmsil olunan insan həmin təşkilatın müəyyən prinsiplərinə, qaydalarına, siyasətinə uyğun hərəkət etməlidir. Onun sözlərinə görə, YAP-ın vahid siyahısı üzrə təkrar seçkilərdə iştirak edən namizədlərinə partiyanın digər üzvləri dəstək olmalıdır: "Biz onlarla söhbətlər aparacağıq. Onları inandıracağıq ki, vahid siyahı üzrə seçkilərə qatılanların seçki kampaniyasının uğurla həyata keçirilməsinə kömək etsinlər".

YAP rəsmisi onu da bildirib ki, 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə hakim partiya hələlik beş dairə üzrə namizədini müəyyənləşdirib.

Qeyd edək ki, 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatal seçki dairəsindən Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimov vahid siyahı üzrə namizədliklərini veriblər.

Xəbər lenti

Xəbər lenti