...

Əvəz Ələkbərov: Milli iqtisadiyyatda rəqabət qabiliyyətinin gücləndirilməsinin böyük əhəmiyyəti var

Siyasət Materials 10 Mart 2006 14:40 (UTC +04:00)
Əvəz Ələkbərov: Milli iqtisadiyyatda rəqabət qabiliyyətinin gücləndirilməsinin böyük əhəmiyyəti var

Azərbaycanın maliyyə naziri ilə Trend in müsahibəsi

- 2005-ci ildə Maliyyə Nazirliyinin fəaliyyətində hansı uğurlar əldə olunub və 2006-cı ildə Nazirliyin işini gücləndirmək üçün hansı planlarınız var?

- Son illərdə uğurla həyata keçirilən islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər iqtisadi islahatları sürətləndirməyə və iqtisadi artımın davamlılığını təmin etməyə əlverişli şərait yaratmış, müsbət nailiyyətlərin davam etdirilməsi üçün zəruri olan sosial, iqtisadi, siyasi, hüquqi baza artıq formalaşdırılmışdır. İqtisadiyyatın prioritet sahələrinin inkişafı və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması üçün müvafiq dövlət proqramları hazırlanmış və qəbul edilmişdir. Bu gün milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də ölkədə investisiya mühitinin yaxşılaşdırılması və yüksək texnologiyaları mənimsəməyə qadir olan iqtisadi sistemin formalaşdırılması üzrə işlər daha fəal şəkildə davam etdirilir.
Qarşıda duran strateji məqsədlərdən biri də dövlət büdcəsinin istehlak yönümlü büdcədən çox istehsal, investisiya yönümlü büdcəyə çevrilməsi yolu ilə ölkə daxilində olan maliyyə resurslarının büdcə vasitəsilə əsaslı xərclərə, investisiyaya yönəldilməsi praktikasının genişləndirilməsidir.
Ölkə iqtisadiyyatına investisiya qoyuluşunu artırmaq məqsədi ilə əhəmiyyətli tədbirlər görülmüş, dövlət investisiyalarının səmərəliliyini yüksəltmək üçün investisiya layihələrinin qiymətləndirilməsi və seçilməsi mexanizmi təkmilləşdirilmişdir.
2005-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri üzrə 805,0 mlrd. manat vəsait istifadə edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 1,7 dəfə çoxdur.
Həmin vəsaitdən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin tikintisi və maddi-texniki bazanın yeniləşdirilməsinə, Gəncə hava limanının, Iayxır hidroqovşağının, yolların, Qarabağ müharibəsi əllilərinə və şəhid ailələrinə yaşayış binalarının tikintisinə, Naxçıvanın qaz təminatının, ölkədə su və kanalizasiya sistemlərinin yenidən qurulmasına xeyli miqdarda vəsait yönəldilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2005-ci ildə də ölkəmizdə iqtisadiyyatın idarə olunması, onun inkişafı üçün hüquqi bazanın yaradılması və mövcud olan normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində iş davam etdirilmişdir. Belə ki, ölkə iqtisadiyyatının formalaşması, dövlətin funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılmasında xüsusi rolu olan "Büdcə sistemi haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, ölkəmizlə xarici dövlətlər arasında ikiqat vergiqoymanın aradan qaldırılması və vergiqoymadan yayınmanın qarşısının alınması məqsədilə 2005-ci ildə Çin Xalq Respublikası, Almaniya, Polşa və Fransa ilə imzalanmış sazişlər Azərbaycanın müvafiq qanunları ilə qüvvəyə minmiş, Bolqarıstan, Serbiya və Çernoqoriya, Danimarka Krallığı, Qatar və Küveyt ilə razılaşma əldə olunmuşdur.
Aşkar edilmiş ehtiyat mənbələri hesabına 2005-ci il dövlət büdcəsinin xərcləri 1 trilyon 15 milyard manat artırılmış, ixrac neftin satış qiymətinin fərqi hesabına xəzinəyə toplanmış 325,0 mlrd. manat idarə olunmaq üçün Dövlət Neft Fonduna köçürülmüşdür.
Ölkədə xəzinədarlıq sisteminin 4-cü mərhələsinin tətbiqi nəticəsində dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə olunmasına, son təyinatına çatdırılmasının sürətləndirilməsinə, məqsədyönlü və təyinatı üzrə istifadə olunmasına, məxaric əməliyyatlarının fasiləsiz aparılmasına, gəlirlərin yığılması və borclanma prosesinin təşkil olunmuş qaydada aparılmasına, öhdəliklər əsasında faktiki xərclərə nəzarət edilməsinə, alışlar üzərində müvafiq nəzarət mexanizminin tətbiqinə, öhdəliklər çərçivəsində yaranan real borclar haqqında vaxtında və tam məlumat əldə edilməsinə, habelə bu borcların səmərəli idarə edilməsinə əsasən nail olunmuşdur.
Keçən il qiymətli kağızlar bazarının genişləndirilməsi üçün əməli tədbirlər görülməklə əvvəlki 2 ildən 2,7 dəfə çox dövlət qısamüddətli istiqraz vərəqələrinin satışına nail olunmuş, bu ildə isə Maliyyə Nazirliyi və Milli Bankın xətti ilə qiymətli kağızlar bazarı şəbəkəsinin və çeşidinin daha da artırılması bir məqsəd kimi qarşıya qoyulmuşdur.
Hesabat ilinin sonuna minimum aylıq əmək haqqının məbləği 150,0 min manata qaldırılıb, 2006-cı ildən isə bu məbləğin nəzərəçarpacaq artımı proqnozlaşdırılıb. Həmin məqsədə dövlət büdcəsindən 2005-ci ildə 660,0 milyard manat, 2006-cı ildə isə 157,0 milyard manat vəsait ayrılmışdır ki, bu da 630 mindən çox əhalinin maddi təminatının yaxşılaşdırılmasına imkan verəcəkdir.
Aspirantların, tələbələrin təqaüdləri 2,5 dəfə, məcburi köçkünlərin aylıq yemək xərcləri 20,0 faiz, işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin minimum həddi 25 faiz artırılmışdır.
2006-cı ildə ölkə prezidentinin imzaladığı 56-dan çox fərman və sərəncam əmək haqlarının, pensiya və müavinətlərin, fəxri adlara, elmi dərəcələrə görə verilən əlavə və təqaüdlərin, müharibə veteranlarına və əlillərə verilən ödənişlərin artırılmasına imkan vermişdir. Bu, təxminən 2,0 milyondan çox vətəndaşın güzəranının yaxşılaşdırılmasına imkan vermişdir.
Aqrolizinq, ipoteka, sahibkarlara kreditlərin verilməsi, Milli Məclisə seçkilərin keçirilməsi üçün nəzərdə tutulan vəsaitlər büdcədən tam istifadə edilmişdir.
Qanunvericilik bazasının formalaşmasında mövcud olan müsbət ənənə ölkə iqtisadiyyatının digər sahələrində də aktiv şəkildə özünü birüzə vermişdir. Bu göstəricilərin bəzilərini sadalamaq yerinə düşərdi.
2006-cı il büdcə layihəsinin tərtibi zamanı antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında Azərbaycan prezidentinin müvafiq fərmanından irəli gələn vəzifələr də diqqətdə olmuşdur.
Xərclərin strukturu və onun istiqamətləri müəyyənləşərkən prioritetliklə yanaşı, antiinflyasiya tədbiri kimi xərclərin daxili bazara təsiri öyrənilmiş, vəsaitlərin ölkədə və onun xaricində xərclənməsi proporsiyası, nəqd və nəqdsiz əməliyyatlar üzrə tarazlığın təmin edilməsi prinsipləri gözlənilmişdir.
2006-cı ildə nazirliyin işini gücləndirmək məqsədi ilə hazırlanmış dövlət büdcəsinin, sosial-iqtisadi inkişaf konsepsiyasının, pul-kredit siyasətinin keyfiyyətli və ritmik icrası üçün qarşımızda çox ciddi məsələlər durur.
Ümumi Daxili Məhsulun strukturuna və sahə quruluşuna uyğun büdcə gəlirlərinin artımına nail olmaq;
- potensial gəlirlərin (ilk növbədə vasitəli vergilərin) büdcəyə daxilolma əmsalının artırılması istiqamətində işi davam etdirmək, vergitutma bazasını genişləndirmək;
- vergi güzəştlərinin və birbaşa vergilər üzrə vergi ödəyicilərinin vergi yükünü azaltmaq, vasitəli vergilər üzrə vergi inzibatçılığını və ümumən vergi qanunvericiliyini daha da təkmilləşdirmək;
- iri vergi ödəyicilərinin maliyyə intizamının gücləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər görmək və bu addımların büdcə prosesi ilə əlaqələndirilməsini təmin etmək;
- büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin səmərəli idarə olunması işini təkmilləşdirmək.
- xərclərin investisiya və sosialyönümlüyünə üstünlük vermək;
- ölkənin müdafiə qüdrətinin gücləndirilməsi və təhlükəsizliyinin təminatı üçün büdcə xərclərini artırmaq;
- elmi potensialın inkişafını proqramlar əsasında həyata keçirmək, elmin maliyyələşdirilməsi prinsiplərinin təkmilləşdirilməsi istiqamətində işi gücləndirməklə onun maddi texniki bazasının yaxşılaşdırılması üçün maliyyə təminatını artırmaq;
- tikinti sahəsində dövlət sifarişinin statusunu, onun maliyyə təminatını və tərəflərin qarşılıqlı məsuliyyətini müəyyən edən normativ-hüquqi aktların hazırlanma və təkmilləşdirilməsi işlərini sürətləndirmək;
- sosial siyasətin ardıcıl həyata keçirilməsi üçün mərhələlərlə yoxsulluğun aradan qaldırılması, uşaqlar, əlillər, qaçqın və məcburi köçkünlər üçün ünvanlı sosial müavinətlərin, pensiyaların artırılmasına üstünlük vermək;
- büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının mərhələlərlə artırılması (o cümlədən minimum əmək haqlarının), onların orta aylıq əmək haqları ilə ölkədə mövcud olan orta aylıq əmək haqqı arasındakı fərqin azaldılması, əməyin ödənişi sisteminin təkmilləşdirilməsi, əhalinin real xərclərinin istehlak səbətinin tələblərinə uyğunlaşdırılması istiqamətində işi davam etdirmək;
- sahibkarlığın inkişaf etdirilməsi, aqrar sektorda servis xidmətinin yaxşılaşdırılması, aqrolizinqin, ipotekanın inkişafı üçün hazırlanmış proqramlara maliyyə dəstəyini təmin etmək;
- dövlət idarəetmə sistemində aparılan struktur islahatlarını davam etdirməklə idarəetmədə inzibati xərclərin azaldılmasına yönəldilmiş tədbirlər həyata keçirmək;
- büdcənin tərtibi və icrası, o cümlədən mövcüd və yeni qəbul olunmuş xərc öhdəliklərinin analitik bölgüsünün nizamlanması işini davam etdirmək;
- büdcə prosesində perspektiv maliyyə planının rolunun artırılmasını davam etdirmək;
- dövlət əsaslı vəsait qoyuluşunun strukturunu daim təkmilləşdirməklə bu məqsədə ölkənin daxili maliyyə ehtiyatlarının daha çox cəlbinə, regionlar üzrə inkişafa, sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və bərpasına üstünlük vermək, vəsaitdən səmərəli istifadə üçün tədbirlər görmək;
- dövlət borclarının idarəetmə mexanizmini təkmilləşdirmək;
- dövlət vəsaitindən səmərəli istifadəni, büdcə xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığının artırılmasını təmin edən qanunvericilik bazasının formalaşdırılması istiqamətində işi davam etdirmək;
- dövlət büdcəsi kəsirinin strukturunun təkmilləşdirilməsi işini davam etdirməklə inflyasiya yaratmayan mənbələr hesabına maliyyələşdirmək;
- dövlət qısa, orta və uzunmüddətli dövlət istiqraz vərəqələri bazarını daha da inkişaf etdirmək, qiymətli kağızlar bazarında investorların iştirakını genişləndirmək, bu kağızlara olan tələbatı artırmaqla normal rəqabət prinsipləri əsasında faiz dərəcələrinin aşağı salınmasına nail olmaq;
- xəzinədarlığın avtomatlaşdırılmasını başa çatdırmaqla bütün maliyyə əməliyyatları üzrə cari nəzarətin keyfiyyətini daha da yaxşılaşdırmaq.

- "Dövlət maliyyə nəzarəti haqqında" qanun layihəsinə hazırlıq hansı mərhələdədir və o, Maliyyyə Nazirliyinin fəaliyyətinin nəzarət-təftiş səlahiyyətlərini nə dərəcədə genişləndirə bilər? Maliyyə nəzarətinin daxili və xarici çərçivələri, eləcə də maliyyə cavabdehliyinin normaları necə olacaq?

- "Dövlət maliyyə nəzarəti haqqında" qanun layihəsi tərəfimizdən Hesablama Palatası ilə birgə hazırlanmış və hazırda onun beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğunlaşdırılması işləri davam etdirilir.
Həmin qanun layihəsinin hazırlanmasında məqsəd:
- maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətlərinin təkmilləşdirilməsi və sistemləşdirilməsi;
- maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətlərinin təkmilləşdirilməsi və səlahiyyətlərinin dəqiqləşdirilməsi;
- maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyəində şəffaflığın təmin edilməsi;
- maliyyə nəzarətinin həyata keçirilməsində təkrarçılığa və paralelçiliyə yol verilməsinin qarşısının alınması məqsədi ilə Koordinasiya (Əlaqələndirmə) Şurasının yaradılması;
- daxili və kənar nəzarəti həyata keçirən orqanların səlahiyyətlərinin və fəaliyyət dairələrinin müəyyən edilməsi;
- maliyyə nəzarətini həyata keçirən orqanların vəzifəli şəxslərinin məsuliyyətinin müəyyən edilməsi;
- dövlət nəzarət orqanlarında struktur dəyişikliklərin aparılması və regional qurumların yaradılması;
müəssisə və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətlərinə aid sənədlərin müəyyən edilmiş müddətdən əvvəl məhv edilməsi üçün həmin müəssisə və təşkilatların rəhbər işçilərinin məsuliyyətinin ciddiləşdirilməsi.
Həmin Qanun layihəsi ilə bağlı hazırlanan konsepsiyada Maliyyə Nazirliyinə dövlət maliyyə nəzarətinin həyata keçirilməsi sahəsində aşağıdakı səlahiyyətlərin verilməsi nəzərdə tutulur:
- kommersiya sirri hesab olunan məlumatların əldə edilməsi;
- özəl təşkilatlarda müvafiq üzləşmələrin aparılması, onlardan zəruri məlumatların alınması;
- mülkiyyət formasından asılı olmayaraq yoxlanılan bütün təşkilatların bank fəaliyyətləri barədə məlumatların müvafiq banklardan alınması.

- Qiymətlərin yüksək olmasının nəzərə alaraq, 2005-ci ilin yekunları üzrə neft ixracından gələn əlavə gəlirlərin həcmi nə qədərdir və onun hansı hissəsinin Dövlət Neft Fonduna verilməsi planlaşdırılır?

- Respublikada istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac qiymətləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqin büdcə hesablamaları üçün nəzərdə tutulduğundan yuxarı olan hissəsi Stabilləşmə hesabına köçürülmüşdür. 2005-ci ildə bu hesaba toplanmış 316,5 mlrd. manat Dövlət Neft Fonduna köçürülmüşdür.
2006-cı ildən respublikada istehsal olunan və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac qiymətləri çıxılmaqla) ölkədaxili müəssisə topdansatış qiyməti arasındakı fərqi vergi ödəyiciləri aşağıdakı dərəcələrlə ödəyəcəklər:
1 barrel neftin dünya bazar qiyməti 40 ABŞ dollarına kimi-25% 40- 50 ABŞ dollarına kimi -50% 50 ABŞ dollarından yuxarı -75%
Neftin orta illik ixrac qiymətinin büdcə hesablamaları üçün nəzərdə tutulmuş hissəsi (40 ABŞ dolları) dövlət büdcəsinə, artıq hissəsi isə Dövlət Neft Fonduna köçürüləcəkdir.

- Siz ölkənin sığorta bazarındakı hazırki vəziyyəti necə qiymətləndirirsiniz və bu gün onlar üçün nizamnamə kapitalının optimal səviyyəsi necədir? Xaricdən vəsait axınının qarşısının alınması məqsədilə Dövlət Təkrar Sığorta Şirkətinin yaradılması hansı mərhələdədir? "Sığorta haqqında" Qanunda hansı dəyişikliklərin ediləcəyi gözlənilir və orada sığorta şirkətlərinin Nizamnamə kapitalında xarici kapitalın iştirakı məsələsi necə nizamlanacaq?

Azərbaycanda sığorta işinin təkmilləşdirilməsi və beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsini, sığorta şirkətləri tərəfindən göstərilən xidmətlərin müasir tələblərə yaxınlaşması nöqteyi-nəzərindən sığorta bazarının hazırki vəziyyətini qənaətbəxş hesab etmək olar. Bu istiqamətdəki inkişaf həm Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən qanunverici və inzibati tədbirlərin, həm də əksər sığortaçıların özlərinin inkişaf etmək və fəaliyyətlərini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün artan marağının nəticəsidir.
Sığortaçılar üçün minimum nizamnamə kapitalı 01 yanvar 2006-cı il tarixə 600000 manat müəyyən edilmişdir. Bu göstərici imkan verir ki, sığortaçılar maliyyə sabitliyini qorumaqla daha çox sığorta risklərini üzərlərinə götürə bilsinlər. Bir çox şirkətlərin nizamnamə kapitalı müəyyən edilmiş məbləğdən də yuxarıdır. 01 yanvar 2006-cı il tarixə ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin nizamnamə kapitalı cəmi 32,2 mln. manat təşkil etmişdir ki, bu da 2005-ci ilin müvafiq dövri ilə müqaisədə 41,2% çoxdur. Ölkənin iqtisadi artım tempinə uyğun olaraq potensial sığorta risklərini nəzərə almaqla, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında sığortaçılar üçün müəyyən edilmiş nizamnamə kapitalının minimum məbləği 2010-cu ilədək tədricən 1 000 000 manata çatdırılmalıdır.
Sığorta şirkətlərinə sığorta haqqı kimi daxil olan vəsaitlərin xaricə axının qarşısını almaq üçün qanunvericilikdə müvafiq müddəalar öz əksini tapmışdır. Bundan başqa nizamnamə kapitalının minimum həddinin tədricən artırılması sığortaçıların daha çox risk qəbul etmək və buna uyğun olaraq daha çox sığorta haqqını özündə saxlamaq imkanının artırılmasına şərait yaradır. Milli Təkrarsığorta Şirkətinin yaradılmasına gəlincə bu sahədə mövcud olan problemlərin həlli beynəlxalq təcrübəyə və bazar iqtisadiyyatı prinsiplərinə uyğun həll edilməlidir.
2006-cı il Dövlət büdcəsi haqqında Qanunun tətbiq edildməsi barədə Prezident Fərmanında Maliyyə Nazirliyinə sığorta qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflər vermək tapşırılmışdır. Dünya Bankının vasitəçiliyi ilə əldə olunacaq texniki yardım proqramı çərçivəsində beynəlxalq məsləhətçilərlə birlikdə yeni Sığorta haqqında qanun layihəsinin və sığorta bazarının tənzimlənməsi üçün digər normativ aktların layihəsinin hazırlanması nəzərdə tutulmuşdur. Hazırda texniki yardım üzrə müqavilə imzalanma ərəfəsindədir. İlkin layihəsi artıq hazır olan yeni qanun konkretliyi, beynəlxalq təcrübədə tətbiq olunan əksər prinsipləri əks etdirməsi, sığorta nəzarətinin təkmilləşdirilməsi, eyni zamanda əhatə etdiyi münəsibətlərin dairəsi baxımından daha mükəmməl məzmuna malikdir. Yeni qanun layihəsində də xarici investisiyanın sığorta şirkətlərinin nizamnamə kapitalındakı payının mövcud qanunda olduğu kimi 49%-lə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Belə mövqedə olmağımıza əsas səbəb odur ki, inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən şirkətlər, transmilli korporasiyalar sığorta sahəsində kifayət qədər maliyyə imkanlarına və təcrübəyə malikdirlər. Belə maliyyə imkanlarına və təcrübəyə malik sığorta şirkətləri qısa müddət ərzində Azərbaycandakı potensial sığorta bazarına hakim ola bilərlər. Bu isə son nəticədə həmin sığorta şirkətlərinin inhisarçılığına və milli sığorta şirkətlərinin inkişafdan qalmasına, və ya sığorta bazarından kənarlaşmasına gətirib çıxara bilər. Bu isə yol verilməzdir.

Xəbər lenti

Xəbər lenti