Azərbaycan Tərəqqi Alyansı (ATA) gələcəkdə Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində (MSƏM) təmsil oluna bilər. Bu barədə Trend ə ATA-nın rəhbəri, Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlu bildirib.
Partiya sədri bildirib ki, hələlik MSƏM-də təmsil olan partiyalar bir-biri ilə yalnız əməkdaşlıq edir: "Partiyaların müttəfiqliyi isə gələcək fəaliyyətimizdən asılı olacaq. Əgər qarşımıza qoyduğumuz məqsədlər uğrunda apardığımız mübarizə nəticə verərəsə, onda müttəfiqlikdən söhbət gedə bilər".
Ç.Dəmiroğlu onu da bildirib ki, parlament seçkilərindən öncə yaradılan ATA fəaliyyətinə xitma verməyib: "ATA-nın MSƏM-də təmsil olunması ilə bağlı alyansa daxil olan siyasi qüvvələr arasında müzakirələr aparılır".
Qeyd edək ki, MSƏM-də Tərəqqi Partiyası, Milli Demokrat Partiyası, Milli Dirçəliş Hərəkatı, Milli İstiqlal Partiyası və Ümid Partiyası təmsil olunur.