"Azərbaycan hökuməti tərəfindən QHT-lərə yardımlar göstərilməsi, bu təşkilatların dövlətin partnyoru kimi işlərə cəlb edilməsi yolları axtarılır". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.
O, qeyd edib ki, bu gün Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti bütövlükdə yalnız donor yardımından asılıdır: "Təəssüf ki, Azərbaycan hökumətinin yardımı burada çox cüzi faiz təşkil edir, QHT-lər 99 faiz xaricdən maliyyə yardımı ilə təmin olunurlar. Prezident İlham Əliyevin Milli QHT Forumunun VI qurultayına göndərdiyi təbrik məktubunda da qeyd olunub ki, QHT-lər demokrtiya və vətəndaş cəmiyyəti quruculuğu prosesinin ayrılmaz tərkib hissəsidir və dövlətin tərəfdaşı rolunda çıxış edirlər. Hesab edirəm ki, gələcəkdə dövlətin imkanları artdıqca QHT-lərin fəaliyyətinin stimullaşdırılması üçün də imkanlar artacaq. Buna görə də QHT-lərə dövlət tərəfindən yardımlar göstərilməsi ilə bağlı müvafiq yollar aranır"-deyə Əli Həsənov qeyd edib.
O, bildirib ki, müxtəlif sahələr üzrə görülən işlərə QHT-lər hökumətin tərəfdaşı kimi cəlb oluna bilərlər. Ə.Həsənovun sözlərinə görə, regional, sosial inkişaf, ekologiya, vətəndaşların maarifləndirilməsi, insan hüquqları və başqa sahələrlə bağlı hökumət bu və ya digər layihələri QHT-lərə sifariş verə bilər: "Çox cüman ki, bəzi layihələr hazırlanacaq və QHT-lərə elan olunacaq".
Prezident Aparatı nümayəndəsi onu da deyib ki, hazırda Azərbaycanda bir neçə dövlət komitəsi və başqa dövlət orqanları bilavasitə QHT-lərlə məşğul olur. Həmçinin bu orqanların vahid bir mərkəzdə birləşməsi, QHT-lərlə iş üzrə dövlət qurumu yaradılması təklif olunur. Əli Həsənov deyib ki, hər bir təklifin yaşamaq haqqı var və bu təklifə də baxılacaq.