...

Azərbaycan prezidenti ABŞ qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb

Siyasət Materials 27 Aprel 2006 11:13 (UTC +04:00)

Aprelin 26-da Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşüb. Trend in "AzərTAc"a istinadən xəbər verdiyi kimi, görüşdə Soros Fondu, Hyuman Rayts Voç, Fridom Haus, İREX təşkilatları və Milli Demokratiya İnstitutunun nümayəndələri iştirak edib.

Görüşü açan İlham Əliyev deyib: "Mənim Vaşinqtona səfərim Azərbaycan və ABŞ arasında qarşılıqlı maraq doğuran məsələlərin həlli üçün gözəl imkandır. Bu səfər ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da inkişafı üçün böyük əhəmiyyət kəsb edəcək".

Öz növbəsində İREX təşkilatının rəhbəri Mark Pomar qeyd edib ki, rəhbərlik etdiyi təşkilat Azərbaycanda təhsil sahəsində mübadilə proqramları həyata keçirir. Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev isə hələ sovet dövründə, yəni 1970-ci illərdə bu layihənin ilk azərbaycanlı məzunlarından biri olub. "Bu əməkdaşlığımızın yaxşı nümunəsidir",- deyə o qeyd edib.

Daha sonra QHT nümayəndələri öz qurumlarının fəaliyyəti və perspektivli layihələrindən danışıb. Qeyd olunub ki, Azərbaycanda QHT-nin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu təşkilatlar qarşısında Azərbaycanın möhkəmlənməsi, bu dövlətin ədalətli mövqeyinin dəstəklənməsi və ölkə haqqında həqiqətlərin yayılması kimi mühüm vəzifələr durur. Bu istiqamətdə işlər davam etdiriləcək.

Elə həmin gün İlham Əliyev Amerikanın "PBC" telekanalının müxbiri Fərid Zəkəriyə müsahibə verib.

Aprelin 26-da dövlət başçısı Vaşinqtonda Arlinqton Milli qəbiristanlığına baş çəkib.

Arlinqton qəbiristanlığında bu günə kimi Amerika dövlətinin azadlığı uğrunda aparılmış müharibələrdə həlak olmuş insanlar yatır. Burada, həmçinin, İraqda hərbi əməliyyatlar zamanı həlak olmuş amerikalı əsgərlər də dəfn olunub.

Prezident İlham Əliyev naməlum əsgərin qəbrinə də əklil qoyub. Dövlət başçımızın şərəfinə 19 yaylım atəşi açılıb. Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib.

Daha sonra prezident burada fəaliyyət göstərən muzeylə tanış olub. 1997-ci ildə Heydər Əliyevin ABŞ-a ilk səfəri zamanı muzeyə bağışladığı qılınc xüsusi maraq doğurub.

Prezident İlham Əliyev muzeyə xatirə hədiyyəsi bağışlayıb.

Xəbər lenti

Xəbər lenti