...

AVP YAP ilə birgə prezident İlham Əliyevin ABŞ-a səfərinin yekunları ilə bağlı dəyirmi masa keçirəcək

Siyasət Materials 1 May 2006 14:43 (UTC +04:00)

Ana Vətən Partiyası (AVP) hakim Yeni Azərbaycan Partiyası ilə birgə prezident İlham Əliyevin ABŞ-a səfərinin yekunları ilə bağlı dəyirmi masa keçirəcək. Trend xəbər verir ki, bu barədə mayın 1-də AVP sədri, millət vəkili Fəzail Ağamalı Azərbaycan prezidenti İlham Əliyevin ABŞ səfərinin yekunlarına dair keçirdiyi mətbuat kofnransında bildirib.

Partiya sədri dövlət başçısının məlum səfərini yüksək qiymətləndirib. Bildirib ki, bu səfər iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirəcək: "Prezidentin səfəri Azərbaycanın demokratik dəyərlərə və ABŞ-la əməkdaşlığa sadiq qalmasının göstəricisidir". F.Ağamalı bu səfəri iki dövlət arasındakı əməkdaşlığın yeni mərhələsi adlandırıb.

Millət vəkili bu səfəri kölgə altına almağa cəhd göstərən radikal müxalifəti də ittihamlayıb. Qeyd edib ki, radikal müxalifət və onun inhisarında olan mətbuat orqanları Azərbaycan prezidentinin ABŞ səfərinə müxtəlif aspektlərdən yanaşmaqla ictimai rəydə çaşqınlıq yaratmağa cəhd göstərib: "Lakin prezidentin bu səfəri çərçivəsində ABŞ rəsmiləri və prezidenti ilə görüşü Azərbaycan müxalifətinin düşündüyünü alt-üst edib".

F.Ağamalı onu da bildirib ki, rəhbərlik etdiyi partiya YAP ilə birgə prezident İlham Əliyevin ABŞ səfərinin yekunlarının təhlili ilə bağlı dəyirmi masa keçirməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti