...

Mehrab Tükanov: Azərbaycanla Almaniyanın daxili işlər orqanları arasında əməkdaşlıq genişlənir

Siyasət Materials 11 May 2006 16:47 (UTC +04:00)

Azərbaycanla Almaniyanın daxili işlər orqanları arasında əməkdaşlıq genişlənir. Bu barədə Trend ə Azərbaycanın Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi polis polkovniki Mehrab Tükanov məlumat verib.

M.Tükanov bildirib ki, mayın 8-dən 10-dək daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılıq etdiyi nümayəndə heyətinin Almaniyanın Münxen şəhərinə etdiyi səfər münasibətlərin daha da genişləndirilməsi məqsədini daşıyıb.

"Səfər çərçivəsində Bavariya əyaləti daxili işlər nazirliyinin rəhbərliyi ilə görüşdük. Həmin görüşlərdə Azərbaycanla Almaniyanın daxili işlər nazirlikləri arasında mövcud əlaqələrə toxunulub, o cümlədən Bavariyanın polis orqanları ilə birbaşa əlaqələrin qurulması, əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub" - deyə M.Tukanov söyləyib.

İdarə rəisi onu da qeyd edib ki, səfər çərçivəsində həmçinin Bavariya əyalətinin bir sıra şəhərlərində yerli polis qurumlarının və ali xüsusi polis məktəbinin fəaliyyəti ilə tanışlıq da olub.

Səfərdə DİN Polis Akademiyası rəisinin birinci müavini, polis polkovniki Mahir Əhmədov da iştirak edib.

Nümayəndə heyətimiz mayın 11-də vətənə qayıdıb.

Xəbər lenti

Xəbər lenti