...

Mübariz Qurbanlı: "Millət vəkilləri çıxışlarında məsuliyyətli olmalıdır"

Siyasət Materials 23 May 2006 16:45 (UTC +04:00)

"Bu gün hansısa ölkədə baş verən hadisələri qabartmaqla Azərbaycanın maraqlarına xidmət etmirik". Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Milli Məclisin mayın 23-də keçirilən növbəti iclasında millət vəkillərinin gündəlikdən kənar məsələlərə toxunmalarına münasbət bildirərkən qeyd edib.

Millət vəkili bildirib ki, mətbuatda çap olunan ayrı-ayrı yazılarla bağlı millət vəkillərinin Milli Məclisdə mövqe bildirmələri düzgün deyil: "Mətbuat çox məsələlərə toxuna bilər. Özünü reklam etdirmək üçün sensasion açıqlamalar verə bilər. Mən xatırlamıram ki, hər hansı bir demokratik inkişaf etmiş dövlətin parlamentində mətbuatda gedən yazıya vaxt ayrılsın. Mətbuatda gedən yazılara vaxt ayırsaq onda gündəlikdə duran məsələlərin müzakirəsinə vaxt çatmayacaq".

M.Qurbanlı onu da bildirib ki, Azərbaycan çox kövrək bir bölgədə yerləşir. Azərbaycan öz müstəqilliyini qorumaq üçün siyasi, iqtisadi və beynəlxalq sahədə ciddi mübarizə aparır: "Ona görə də çıxışlarımıza ehtiyatla yanaşmalıyıq. Biz həqiqətən də millətin məclisiyik. Buna görə də çox ciddi və məsuliyyətli çıxışlar etməliyik. Azərbaycanın maraqlarını nəzərə almalıyıq. Bu gün hansısa ölkədə baş verən hadisələri qabartmaqla Azərbaycanın maraqlarına xidmət etmirik".

M.Qurbanlı qeyd edib ki, hər hansı bir xarici ölkədə baş verən məlum hadisələrin səbəbləri ilə bağlı Azərbaycanın tutduğu mövqeyinin nədən ibarət olması başqa məsələdir. Bunun üçün parlamentlərarası komissiya var: "Belə məsələləri bəzi ölkələrdə qapalı müzakirə edirlər. Belə çıxışlarda millət vəkilləri məsuliyyətlərini gözləməlidirlər".

Xəbər lenti

Xəbər lenti