...

BAXCP NATO Parlament Assambleyasının Siyasi Komitəsinə Güney Azərbaycanla bağlı sənəd təqdim edib

Siyasət Materials 2 İyun 2006 15:02 (UTC +04:00)

NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmiş Azərbaycan nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Güney Azərbaycanda baş verən proseslərlə bağlı bu quruma sənəd təqdim edib. Bu barədə Trend ə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) beynəlxalq əlaqələr üzrə katibi Elçin Mirzəbəyli məlumat verib.

O bildirib ki, BAXCP Güney Azərbaycanda keçirilən etiraz aksiyaları, azərbaycanlıların tələbləri, onlara qarşı münasibəti əks etdirən bir sənəd hazırlayıb. E.Mirzəbəylinin sözlərinə görə, sənəddə beynəlxalq təşkilatlar və dünya ictimaiyyəti bu proseslərə diqqətlə yanaşmağa, İrana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməyə çağırılır: "Bu sənəddə həm Güney Azərbaycanda baş verən proseslər barədə konkret faktlar əksini tapıb, həm də Azərbaycanın bölünmüş xalq olması barədə məlumat verilir. Sənəd Qüdrət Həsənquliyev tərəfindən NATO Parlament Assambleyasının Siyasi Komitəsinə təqdim olunub və orada rəsmi sənəd kimi qeydə alınıb. Eyni zamanda Siyasi Komitənin işçi qrupu bununla bağlı araşdırma aparacaq. Sənədin İrandakı hadisələr haqqında obyektiv rəy yaratmaq, informasiya çatdırmaq üçün əhəmiyyət daşıyır və NATO kimi nüfuzlu bir təşkilatda rəsmi sənəd kimi qəbul olunması artıq özü bir faktdır. Həmçinin Güney Azərbaycanda baş verən proseslərə bir dəstəkdir. Güneydəki hadisələri artıq beynəlxalq hüquq qaydaları çərsivəsində dünya ictimaiyyətinə, beynəlxalq birliklərə çatdırmaq lazımdır".

Sənəddə əksini tapan əsas tələblər Şimali və Cənubi azərbaycanlıların bölünmüş xalq kimi tanınması, İranda azərbaycanlılara qarşı assimliyasiya siyasətinə son qoyulması ilə bağlıdır. Qeyd edək ki, Güney Azərbaycanla bağlı sənəd NATO-ya Azərbaycan nümayəndə heyəti deyil, BAXCP adından təqdim olunub.

Xəbər lenti

Xəbər lenti