İyunun 16-da ölkəmizdə səfərdə olan Bolqarıstan parlamentinin Xarici siyasət komitəsinin sədri Solomon Passi Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvləri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Görüşdə adıçəkilən komissiyanın sədri Səməd Seyidov deyib ki, Bolqarıstanda gedən proseslər Azərbaycanda maraqla izlənir. Bolqarıstan NATO-nun və Avropa İttifaqının üzvüdür. Azərbaycan da Avroatlantik strukturlara inteqrasiya edir: "Düşünürük ki, bu baxımdan Bolqarıstanın təcrübəsinin öyrənilməsi bizim üçün çox vacibdir". Sonra S.Seyidov ölkələrimiz arasındakı dostluq əlaqələrindən, deputatlarımızın beynəlxalq təşkilatlarda bəzi məsələlərdə eyni mövqedən çıxış etməsinin əhəmiyyətindən danışıb.
Solomon Passi deyib ki, Azərbaycanda müşahidə olunan dinamik inkişaf başçılıq etdiyi nümayəndə heyətində böyük maraq doğurub: "Biz Azərbaycanda gedən siyasi prosesləri də maraqla izləyirik və ölkənizin Avropaya inteqrasiyasını dəstəkləyirik". S.Passi NATO-ya və Avropa İttifaqına üzvlükdə Bolqarıstanın Azərbaycana hər cür köməklik göstərməyə hazır olduğunu bildirib.