Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Füzuli rayonunda nadir ağaclar, xüsusilə, çinarlar məhv edilir. Trend agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, şahidlərin ifadələrinə və Füzuli rayonu ekologiya və təbii sərvətlər idarəsinin rəhbəri K.Hacıyevin sözlərinə görə, ermənilər meşə massivini yandırır ki, nəticədə qiymətli və nadir bitki növləri məhv edilir. Həmçinin ekoloji balansın pozulması, heyvan növlərinin məhvi və atmosferin çirklənməsi müşahidə olunur.
Nazirliyin Operativ Mərkəzinin məlumatlarına əsasən, işğaldan sonra, demək olar ki, Füzuli şəhəri tam dağıdılıb və şəhərdəki yaşıllıqlar məhv edilib.
"Ermənilərin Azərbaycan torpaqlarında törətdiyi yanğınlar ölkənin digər regionlarının flora və faunasına mənfi təsir göstərir. Bu, təkcə müəyyən rayona deyil, bütün regiona təsir edir. Göstərilən faktlar beynəlxalq ictimaiyyəti narahat etməlidir" - deyə Ekologiya Nazirliyindən bildirilib.