İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əlinin Trend ə eksklüziv müsahibəsi
- Bu, sizin Azərbaycana ilk səfəriniz deyil. Sonuncu səfərdən sonra sizdə ölkə haqqında hansı təəssüratlar formalaşıb?
- Mən həqiqətən də Azərbaycana bir neçə dəfə səfər etmişəm və birinci dəfə burada ölkənin hələ İslam İnkişaf bankının üzvü olmadığı dövrdə (Azərbaycan İİB-ə 1992-ci ildə daxil olub) olmuşam. Mən indiki Azərbaycanla 90-cı illərdəki ölkə arasında böyük fərq görürəm.
Hazırda ölkənizin, o cümlədən infrastrukturun çox böyük inkişafı müşahidə olunur. Bu, respublikanın doğrü yolla irəliləməsi faktını təsdiqləyir. Biz Azərbaycanın inkişafını arzulayırıq.
- Azərbaycan və İslam Bankı arasında əməkdaşlığın gələcək inkişafı nə kimi prespektivlər vəd edir?
- İslam Konfransı Təşkilatı XİN başçılarının indiki görüşünün Mərkəzi Asiya ölkələri arasında İİB-in ilk üzvü olan Azərbaycanda keçirilməsi ondan xəbər verir ki, bu respublika günbəgün islam ölkələrinə yaxınlaşmağa can atır. Buna görə də Azərbaycan və İİB arasında xüsusi münasibətlər mövcuddur və biz hər zaman ölkənin təklif etdiyi bütün layihələrin maliyyələşdirilməsində respublikaya kömək etməyə çalışırıq.
- Azərbaycanın yüksək vəzifəli nümayəndələri ilə keçirilmiş görüşlər zamanı hansı məsələlərə xüsusi diqqət ayrılıb?
- İqtisadi inkişaf naziri ilə investisiya konfransının keçirilməsi haqqında məsələ ətraflı müzakirə olunub. Konfransın noyabrın 7-9-da Bakıda keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub. İslam bankı sərmayədarların Azərbaycanın müəyyən etdiyi sektorlardan asılı olaraq seçilməsi öhdəliklərini də öz üzərinə götürüb. Bunlar sərmayə qoyuluşlarına daha çox ehtiyacın duyulduğu sektorlar olacaq. İİB bu sahələrə maraq göstərən sərmayədarları dəvət edəcək.
- İİB Azərbaycanda bankın nümayəndəliyinin açılması məsələsini nəzərdən keçirirmi?
- 3-4 ay ərzində İslam bankının Bakıda kiçik ofisinin açılması planlaşdırılır. Bu ofis yalnızAzərbaycan üzrə məsuliyyət daşıyacaq və bankın Almatıdakı regional nümayəndəliyinin rəhbərliyi altında fəaliyyət göstərəcək. Bu məsələ artıq Azərbaycan hökuməti ilə nəzərdən keçirilib. Hazırda Azərbaycan bankla Almatı regional nümayəndəliyi vasitəsilə işləyir.
Düşünürəm ki, Azərbaycan İİB ilə həmişə fəal əməkdaşlıq edib. Bankın ölkəyə münasibəti isə həmişə müsbət olaraq qalıb. Bu gün İİB-in Almatı, Kuala-Lumpur (Malayziya) və Rabatda (Mərakeş) 3 regional ofisi və 6 yerli nümayəndəsi var.