...

Milli təhlükəsizlik naziri Azərbaycan-NATO əməkdaşlığına yüksək qiymət verib

Siyasət Materials 7 İyul 2006 20:31 (UTC +04:00)
Milli təhlükəsizlik naziri Azərbaycan-NATO əməkdaşlığına yüksək qiymət verib

İyulun 7-də Bakıda NATO-nun "PAP-T-nin əməliyyatlaşdırılması: terrorçuluğa qarşı mübarizə sahəsində NATO əməliyyatlarına tərəfdaşların töhfələri və iştirakı" mövzusunda 32 ölkədən 50 nümayəndənin iştirak etdiyi beynəlxalq seminar keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov açıb. Baş nazirin müavini Əli Həsənov Azərbaycan hökuməti adından tədbir iştirakçılarını salamlayıb. E.Mahmudov terrorçuluğa qarşı mübarizəyə öz töhfəsini verəcək seminar iştirakçılarına uğurlar arzulayaraq, NATO ilə Azərbaycan arasında 12 ildən artıq davam edən əməkdaşlıq əlaqələrinin daha səmərəli və əhəmiyyətli xarakter daşıdığını qeyd edib. Nazir prezident İlham Əliyevin NATO PA-nın yaz sessiyasındakı çıxışının qarşılıqlı etimada və birgə maraqlara əsaslanan NATO-Azərbaycan əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsini nümayiş etdirdiyini bildirib.

E.Mahmudov NATO-Azərbaycan əlaqələrinin məqsədyönlü surətdə həyata keçirilməsində proqram və planlar arasında prezident İ.Əliyevin 3 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının mühüm rol oynadığını vurğulayıb. "Ermənistan tərəfindən davam edən təcavüzkar siyasətə və Azərbaycanın beynəlxalq terrorçuluq təhdidləri ilə üzləşməsinə baxmayaraq, sosial-iqtisadi inkişaf rəsmi Bakının həm regional, həm də beynəlxalq miqyasda rolunu gücləndirməyə imkan verib. Ermənistan bu həqiqəti, nəhayət, dərk etməlidir" - deyə nazir qeyd edib.

NATO-nun yüksək vəzifəli nümayəndələri Azərbaycanın seminarın təşkili ilə bağlı səylərini yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür və ölkənin terrorçuluqla mübarizədə tutduğu birmənalı mövqeyi xüsusilə əhəmiyyətlidir.

Seminarın ikinci günü NATO Baş Qərargahı ilə birbaşa telekörpü-videokonfrans təşkil edilib. Telekörpü zamanı NATO baş katibinin müdafiə planlaşdırılması üzrə köməkçisi Con Kolston Azərbaycan tərəfinə seminarı yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti