...

Vurğun Əyyub: "Məclis sədrliyinə növbəti seçkidə Sülhəddin Əkbərin xeyrinə geri çəkiləcəyəm"

Siyasət Materials 10 İyul 2006 14:58 (UTC +04:00)

"Müsavat Partiyası Məclisinin sədrliyinə növbəti seçkidə Sülhəddin Əkbərin namizədliyini dəstəkləcəyəm". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyası başqanının müavini, Məclis sədrliyinə namizəd Vurğun Əyyub bildirib.

Qeyd edək ki, partiyanın Məclisinin sədrliyinə keçirilən seçkidə iki nəfər- Vurğun Əyyub və Sülhəddin Əkbər namizəd idilər. Səsvermənin nəticələrinə görə, S.Əkbər 58, V.Əyyub 40 səs toplayıb, lakin bu səslər yerətli olmadığı üçün heç biri Məclis sədri vəzifəsinə seçilə bilməyib. Sədrin Məclisin növbəti iclasında seçilməsi qərara alınıb.

Vurğun Əyyub bildirib ki, növbəti seçkidə S.Əkbər namizədliyini irəli sürsə, özü onun xeyrinə namizədliyini geri götürəcək: "Mənim fikrimcə, siyasi etika bunu tələb edir ki, gələn seçkidə artıq Sülhəddin Əkbərin xeyrinə geri çəkilməliyəm. Çünki o, məndən çox səs topladı və mən ona təklif etdim ki, gələn mərhələdə də namizədliyini versin". V.Əyyub deyib ki, sözügedən vəzifəyə başqa iddialılar da ola bilər və alternativ namizədlərin olmasından çəkinmək lazım deyil. Onun sözlərinə görə, sədr seçilməsi üçün Məclisin növbədənkənar iclasını partiyanın başqanı və Divanı çağıra bilər. V.Əyyubun fikrincə, bir ay ərzində Məclisin toplanması məqsədəuyğundur.

Bu məsələlərlə bağlı Sülhəddin Əkbər isə bildirib ki, o, Məclisin sədri postuna seçilməkdə israrlıdır: "Mən Məclis üzvlərinin çoxunun səsini qazandım. Qalib gəlməyim üçün cəmi 2 səs çatmadı. Vurğun bəy bu üstünlüyümə görə məni təbrik etdi və növbəti mərhələdə də namizədliyimi irəli sürməyimi təklif etdi. Həmçinin növbəti seçkidə məni dəstəkləyəcəyini dedi. Mən növbəti seçkidə yenidən namizədliyimi irəli sürəcəyəm". S.Əkbərin sözlərinə görə, sədr postuna başqa şəxslər də namizədliyini irəli sürə bilər. O əlavə edib ki, partiyanın Nizamnaməsinə görə Məclisin növbəti iclası 3 ay ərzində çağırılmalıdır. Onun barəsində Məcilsin iclasında səsləndirilən ittihamlara gəldikdə isə, Sülhəddin Əkbər bildirib ki, belə ittihamlar onun düzgün yolda olduğunu göstərir.

Xəbər lenti

Xəbər lenti