Xətai rayonunun keçmiş prokuroru, uzun illərdir Avstriyada mühacirətdə yaşayan Mahir Cavadov Almaniyada həbs olunub. Trend "Mediaforum" saytına istinadən xəbər verir ki bu barədə "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri Elman Mustafazadə bildirib.
M.Cavadov iyulun 19-da Bakı vaxtıyla saat 15.00-da həbs edilib. Alman polisi M.Cavadovu adam öldürməkdə şübhəli bilir. Polisin ittihamına görə, M.Cavadov bir müddət əvvəl adam öldürərək Avstriyaya qaçıb və bu ölkədə gizlənib. E.Mustafazadə bildirir ki, M.Cavadovun həbs olunması haqda xəbər onun Holandiyada yaşayan tərəfdarlarına, oğlu Maqsud Cavadova və hüquq müdafiəçisi Helen Froberqə çatdırılıb. M.Cavadovun tərəfdarları onun azadlığa buraxılmasına nail olmaq üçün Almaniyaya gediblər. M.Cavadov həbs olunmazdan öncə Almaniyaya qonaq gəlib.
Xatırladaq ki, M.Cavadov Azərbaycanı 1995-ci ilin martında Xüsusi Təyinatlı Polis Dəstəsinin qiyamı yatırılandan sonra tərk edib. Həmin hadisələrdə onlarla adam, o cümlədən M.Cavadovun qardaşı Rövşən Cavadov həlak olub, yüzlərlə XTPD üzvü həbs edilib. Azərbaycanın hüquq-mühafizə orqanları M.Cavadovu mart hadisələrinin təşkilatçılığında ittiham edir və o, beynəlxalq axtarışdadır.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə M. Cavadovun İnterpolun xətti ilə beynəlxalq axtarışa verildiyi bildirilsə də, Almaniyada onun həbsi ilə bağlı heç bir məlumata malik olmadıqları vurğulanıb.