...

MDB-nin islah edilməsinə məqsədəuyğunluq baxımından yanaşmaq lazımdır

Siyasət Materials 25 İyul 2006 13:09 (UTC +04:00)
MDB-nin islah edilməsinə məqsədəuyğunluq baxımından yanaşmaq lazımdır

MDB-nin islah edilməsinə məqsədəuyğunluq baxımından yanaşmaq lazımdır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın RTR telekanalına verdiyi müsahibəsində bəyan edib.

"Yəni müəyyən etmək gərəkdir: biz nə istəyirik, bu təşkilatı necə görmək istəyirik. Əgər biz onu öz funksiyaları, qəbul edilən qərarları mütləq yerinə yetirmək, bu qərarların icrasına nəzarət mexanizminə malik tam dəyərli təşkilat kimi görmək istəyiriksə, onda bu, bir məsələdir. Əgər biz MDB-ni məsələlərin, yaxud bu və ya digər dövləti bəzən narahat edən hər hansı təcili məsələlərin müzakirəsi üçün əlverişli forma olan bir təşkilat, və yaxud sadəcə olaraq dövlət başçıları arasında ünsiyyət üçün format kimi saxlamaq istəyiriksə, bu - bir başqa məsələdir. Burada bütün ölkələrin konsensusu olmalıdır", - deyə İlham Əliyev bildirib.

"Prinsipcə, postsovet məkanının bütün ölkələrində dövlətçiliyin təşəkkülü prosesi artıq başa çatıb... Hələ tez-tez deyildiyi kimi, indi ölkələrimizi gənc və ya yeni müstəqil ölkələr adlandırmaq, zənnimcə, artıq gecdir. Ona görə də hər bir ölkə bu və ya digər təşkilata üzvlüyü, təbii olaraq, öz mənafeləri mövqeyindən nəzərdən keçirir. Təşkilatda olmaq öhdəlikləri, hüquqları olmaq və bundan faydalanmaq deməkdir. Maraqlı olmayan təşkilatda olmaq mənasızdır. Eləcə də, kiminsə daim təzyiqə məruz qaldığı təşkilatda olmaq mənasızdır. Biz isə bütün təşkilatlara könüllü surətdə daxil oluruq", - deyə prezident bildirib və qeyd edib ki, Azərbaycan MDB-ni kifayət qədər faydalı alət hesab edir.

İlham Əliyevin fikrincə, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda iştirakı ölkəmizin xeyrinədir. "Biz dünya siyasi proseslərinin, əslində, bütün spektrində iştirak edirik. Biz Avropa Şurasının da üzvüyük, MDB-nin də üzvüyük, İslam Konfransı Təşkilatının, İqtisadi Əməkdaşlıq Təşkilatının da üzvüyük, Asiyada etimad tədbirlərinin möhkəmləndirilməsi prosesində, GUAM-da da fəal iştirak edirik. Yəni, biri digərini istisna etmir, əksinə, bu, Azərbaycana öz mənafelərini irəlilətmək üçün əlavə imkanlar verir", - deyə o fikrini tamamlayıb.

Xəbər lenti

Xəbər lenti