...

Azərbaycan gəncləri ümumrusiya gənclər düşərgəsində Ermənistanın işğalçı siyasətini ifşa edib

Siyasət Materials 25 İyul 2006 16:09 (UTC +04:00)

Azərbaycan gəncləri Dağlıq Qarabağ problemini Rusiyada təşkil edilən ümumrusiya gənclər düşərgəsində qaldırıblar. Bu barədə Trend ə tədbirdə iştirak edən "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Elnur Məmmədov bildirib.

Qeyd edək ki, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının nümayəndə heyəti iyulun 20-26 tarixlərində Rusiyanın ən böyük "Naşı" gənclər hərəkatı tərəfindən təşkil edilən ümumrussiya gənclər düşərgəsində iştirak edir. 5000 gəncin iştirak etdiyi düşərgə Tver vilayətinin Seliger gölünün ətrafında keçirilir. Düşərgə iştirakçıları qarşısında Rusiyanın tanınmış politoloqları, içtimai xadimləri, texnoloqları, Rusiya prezident administrasiyasının nümayəndələri və siyasətçiləri mühazirələr oxuyublar.

E.Məmmədov onu da qeyd edib ki, təmsil etdiyi hərəkatın nümayəndələri ""Naşı" gənclər hərəkatının rəhbəri Vasiliy Yakimenko ilə görüşüb: "Azərbaycan və hərəkatımızın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına məlumatlar verdik. Heydər Əliyev Fondundan aldığımız Dağlıq Qarabağ probleminə dair üç dildə çap edilən kitabları tədbir iştirakçılarına payladıq. Görüşlərimizdə birgə hazırlaya biləcək regional layihələr barədə söhbətlər apardıq. Artıq bəzi layihələr üzərində işimizi yekunlaşdırıb hazır vəziyyətdə Bakıya gətirəcəyik".

E.Məmmədov onu da vurğulayıb ki, tədbirə qatılan Rusiyanın müdafiə nazirinin müavini, Tver və Krasnoyarsk vilayətlərinin qubernatorları ilə görüşüblər. Görüşlərdə Azərbaycanı narahat edən məsələlərin müzakirə edildiyini deyən E.Məmmədov bildirib: "Bizi düşündürən əsas məsələ Rusiyada yaşayan soydaşlarımızla bağlı müəyyən problemlər olub ki, qubernatorlar bu məsələdə heç bir narahatçılığa əsasın olmadığını bildiriblər".

E.Məmmədov onu da bildirib ki, tədbirdə millətçiliklə bağlı hər hansı bir məsələnin qaldırılmasına icazə verilməyib: "Biz istədik ki, Dağlıq Qarabağ problemi ilə bağlı dəyirmi massa keçirək. Buna razı olmasalar da biz imkan daxilində bu problemi, Ermənistanın işğalçı siyasəti barədə tədbir iştirakçılarını məlumatlandırdıq. Onlara əsl həqiqəti başa saldıq. Çünki tədbirdə iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağla bağlı yalnız erməni mənbələrindən məlumat əldə etmişdilər".

Xəbər lenti

Xəbər lenti