...

MTN narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan polis kapitanını həbs edib

Siyasət Materials 7 Avqust 2006 20:57 (UTC +04:00)

Milli Təhlükəsizlik Nazirliyi narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan polis kapitanını həbs edib. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri birgə məlumat yayıb.

İran-Azərbaycan sərhədinin Yardımlı rayon istiqamətində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olmaları barədə alınmış ciddi əməliyyat məlumatları əsasında Yardımlı rayon sakini, 1960-cı il təvəllüdlü rayon polis şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahbazov Siyasət Hüseynağa oğlu və Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Əliyev Rafiq Əhməd oğlu saxlanılıb.

Rafiq Əliyevin evinə baxış zamanı xüsusi qablaşdırılmış və üzərində istehsal möhürü olan külli miqdarda narkotik vasitə - ümumi çəkisi 12 kiloqram 807 qram həşiş aşkar edilib.

Müəyyən edilib ki, şəxsiyyətləri istintaq tərəfindən araşdırılan İran İslam Respublikasının vətəndaşı avqustun 4-də Azərbaycanın dövlət sərhədindən keçirdiyi narkotik vasitələri Siyasət Şahbazova çatdırıb. Sonuncu isə narkotik vasitəni bir gün mənzilində saxladıqdan sonra Bakı şəhərinə gətirərək R.Əliyevə verib.

Faktla əlaqədar MTN İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.1.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

Xəbər lenti