Müxalifət düşərgəsində inteqrasiya prosesinin getməsi münasibətlərin aydınlaşdırılmasına kömək göstərə bilər. Bu barədə Trend ə Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib.
Ə.Əliyev bildirib ki, müxalifət düşərgəsində yaradılan hər bir bloku alqışlamaq lazımdır. Çünki blokların yaradılması müxalifət düşərgəsində şəffaflığı təmin edə bilər: "Müxalifət düşərgəsində yaranmış problemlərdən biri şəffaflığın olmaması idi. Bu da tədricən aradan qalxıb".
"Müxalifət düşərgəsində şəffaflıq təmin edilibsə, bəs birliyə mane olan səbəblər nədir" sualımıza Ə.Əliyev belə cavab verib: "Müxalifətin ümumi birliyi qarşıya məqsəd kimi qoyulmamalıdır. İdeoloji prinsiplərdən başlamış digər amillər - regional, dini, hakimiyyətə münasibət kimi amillər müxalifətdə olan qurumları bir yerə toplamağa maneçilik törədir. Maksimum dərəcədə kimlərin birləşməsi mümkündürsə, onların bir arada olması arzuolunandır".
Ə.Əliyev bildirib ki, gələn il bu proses müsbət istiqamətdə gedəcək: "Mənə elə gəlir ki, müxalifət düşərgəsində inteqrasiya proseslərinin getməsi münasibətlərin aydınlaşmasına kömək edəcək".