"Heç kəs gözləməsin ki, İran nüvə proqramı ilə bağlı hüquqlarından əl çəkəcək. Bizim tənzimlənmiş və şəffaf bir proqramımız var və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətlərini qəbul edirik. Digər ölkələr də İranda bu sahəyə sərmayə yatıra bilər". Trend İranın Azərbycandakı səfirliyinə istinadən xəbər verir ki, bu fikirləri İran islam Respublikasının Milli təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani bildirib.
O, qeyd edib ki, İranın zənginləşdirmə hüququndan məhrum edilməsi üçün BMT-nin Təhlükəsizlik Şurasına müraciət olunsa belə, bu, İranın idarəsinə heç bir təsir göstərməyəcək. Ə.Laricaninin sözlərinə görə, İrana qarşı sanksiya tətbiq olunmasını istəyən dövlətlər özləri də bundan ziyan çəkəcəklər. O, əlavə edib ki, İran dosyesini Təhlükəsizlik Şurasına çıxarsalar, İran əlavə protokolu həyata keçirməyəcək. Ə.Laricani İranın öz siyasətini dəyişməyəcəyini vurğulayıb və nüvə proqramı üzrə müqaviləni ləğv etməyə də ehtiyac görmədiyini deyib.
İran rəsmisi İsrail-Livan münaqişəsinə də toxunub və bildirib ki, bu münaqişədə "Hizbullah"ın qalib olması hərbi baxımdan böyük məna daşıyır və bu gün müsəlman dövlətləri islam müqaviməti ilə fəxr edir.