Dövlət Əmlak Komitəsinin dövlət əmlakının tənzimlənməsi bölməsi müxalifətyönlü Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahla bağlı müraciətinə baxır. Bu barədə Trend ə AMİP təşkilat katibi Nazim Ələsgərov bildirib.
Qeyd edək ki, AMİP Azadlıq prospekti 179 ünvanda yerləşdiyi qərargahdan 2001-ci ilin iyul ayında çıxarılıb. Bu məsələ ilə bağlı iki il məhkəmə çəkişməsi olub. O vaxtdan AMİP müxtəlif ünvanlarda qərargah icarələyib. Partiyanın qərargahla təmin olunması məqsədilə İqtisadi İnkişaf Nazirliyinə edilən müraciətə iyulun 24-də cavab verilib. Nazirlikdən bildiriblər ki, müraciət baxılmaq üçün Dövlət Əmlak Komitəsinə göndərilib. Onu da bildirək ki, AMİP məsələ ilə bağlı iyulun 17-də İqtisadi İnkişaf Nazirliyinə, iyulun 19-u isə dövlət başçısına müraciət edib.
N.Ələsgərov qeyd edib ki, bütün müraciətlər Dövlət Əmlak Komitəsinin dövlət əmlakının tənzimlənməsi bölməsində baxılır: "Komitə bizdə Ədliyyə Nazirliyindən keçdiyimiz qeydiyyat reystrinin surətini də alıb. Bildiriblər ki, müraciətə 10 gün müddətində baxılıb cavab veriləcək".
Xatırladaq ki, AMİP bu həftədən Dövlət Əmlak Komitəsi qarşısında etiraz piketləri keçirməyi planlaşdırmışdı. Partiyanın rəsmisi bildirib ki, məsələ baxılmaq üçün nəzarətə götürüldüyündən aksiya hələlik təxirə salınıb.
Onu da bildirək ki, AMİP 1992-ci ilin iyununda yaradılıb. Etibar Məmmədov partiyanın 2005-ci il fevralda keçirilən qurultayında sədrlikdən istefa verib. Həmin qurultayda o, partiyanın lideri elan olunub. Partiyanın 2006-cı il iyunun 25-də keçirilən növbəti qurultayında isə E.Məmmədov yenidən partiyanın lideri elan olunub. Ayaz Rüstəmov isə partiyanın sədri seçilib. AMİP 50-dən çox dövlətin təmsil olduğu Beynəlxalq Demokrat İttifaqının üzvüdür.