...

Azərbaycan QHT-ləri Qarsda "Qafqaz Kültürel Festivalı"nın keçirilməsiylə bağlı etiraz bəyanatı yayıb

Siyasət Materials 8 Sentyabr 2006 17:45 (UTC +04:00)

400-dən çox təşkilatı özündə birləşdirən Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Türkiyənin Qars Bələdiyyəsinin rəhbərliyinə və tədbirin təşkilatçılarına müraciət edərək Qafqazda sülhü və sabitliyi pozan, region dövlətləri üçün daim təhlükə mənbəyinə çevrilən Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırırıb. Bu barədə Trend ə Milli QHT Forumundan məlumat verilib.

Qeyd edək ki, sentyabrın 13-15-də Ermənistan-Türkiyə İş Birliyi və Qars bələdiyyəsinin təşkilatçılığı ilə Qarsda "Qafqaz Kültürel Festivalı" keçirilməsi planlaşdırlır. Festivalın mədəniyyətlərin dialoqu adı altında keçirildiyi bildirilsə də, onun əsas mahiyyəti siyasi xarakter daşıyır və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını təbliğ etmək niyyəti güdür.

Bununla bağlı MQF-nin qəbul etdiyi bəyanatda bildirilib ki, Ermənistan təkcə Azərbaycana qarşı deyil, qonşu olduğu digər dövlətlərə - qardaş Türkiyə və Gürcüstana qarşı da daim ərazi iddiası ilə çıxışlar edir və hətta bu əsassız tələbləri öz qanunvericiliyində təsbit edib: "Minlərlə türkün qanına bais olmuş, yüzlərlə terror aktının müəllifi olan ermənilər əsl simalarını gizlədərək daim məzlum xalq obrazını yaratmaqla dünya ictimaiyyətini çaşdırmaq istəyir, ermənilərə qarşı guya törədilən qondarma "soyqırım" olayını dünyanın ən böyük dövlətləri səviyyəsində qəbul etdirməyə çalışırlar"-deyə bəyanatda vurğulanır.

Həmçinin bildirilir ki, Türkiyəyə qarşı ərazi iddiasında olan, Ağrı dağını öz dövlət simvoluna çevirən, Türkiyəni qondarma erməni soyqırımında günahlandıran, Azərbaycanın ərazilərini işğal edən və millətimizə qarşı etnik təmizləmə siyasəti həyata keçirən, tarix və mədəniyyət abidələrimizi dağıdan Ermənistanın mədəniyyətdən və sülhdən danışmağa heç bir mənəvi haqqı yoxdur.

"Hesab edirik ki, istər Türkiyə, istərsə də Azərbaycan o zaman Ermənistanla əlaqələri bərpa edəcək ki, Ermənistan Türkiyəyə qarşı ərazi və soyqırım iddialarından əl çəksin və BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl edərək işğal etdiyi Azərbaycan ərazilərini azad etsin".

Xəbər lenti

Xəbər lenti