İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin növbəti iclası 2008-ci ildə Suriyada keçiriləcək. Trend in xəbər verdiyi kimi, belə bir qərar sentyabrın 11-12-də Bakıda keçirilmiş İKT ölkələri turizm nazirlərinin V konfransı zamanı qəbul olunub.
Konfransın yekunu olaraq iki sənəd - qətnamə və Bakı bəyannaməsi qəbul olunub. Konfransın bəyannaməsinə Azərbaycana qarşı erməni təcavüzünün, işğal olunmuş ərazilərdə yanğın faktlarının, eləcə də Azərbaycanın mədəni və tarixi irsinin məhv edilməsinin təşkilata üzv ölkələr tərəfindən pisləndiyi bəndlər salınıb.
"Bu, çox mühüm qərardır", - deyə jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev konfransın yekunlarını şərh edərkən bildirib. O, bu bəndləri Ermənistan, eləcə də rəsmi Yerevanın təcavüzkar mövqeyini dəstəkləyən ölkələr üçün ciddi xəbərdarlıq adlandırıb.
Nazirin sözlərinə görə, qarşıdakı iki il ərzində Azərbaycan İKT-yə sədrlik edəcək və sözsüz ki, islam ölkələrində turizmin inkişafına öz töhfəsini verəcək. Konfrans iştirakçıları həmçinin təşkilata üzv ölkələrin ərazilərindəki mədəni-tarixi irsin qorunması məsələsində öz əlaqələrini fəallaşdırmağı qərara alıblar.
Nazirlər qərara alıblar ki, 2007-ci və 2008-ci illərdə müvafiq olaraq Pakistan və İranda aktual problemlərin müzakirəsi məqsədilə görüşlər keçirsinlər.