...

Azərbaycan prezidenti Almaniyada Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ilə görüşüb

Siyasət Materials 22 Sentyabr 2006 20:40 (UTC +04:00)

Sentyabrın 22-də Almaniyada Beynəlxalq Bertelsmann Forumunda iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ilə görüşüb. Trend in AzTV-yə istinadən verdiyi məlumata görə, görüşdə dövlətlərarası əlaqələrin yüksək şəkildə olduğu vurğulanıb.

Görüşdə eyni zamanda Azərbaycanla Gürcüstanın birgə reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xəttinin bölgənin inkişafı və stabilliyi üçün böyük önəm daşıdığı bildirilib. Gürcüstan parlamentinin spikeri N.Burcanadze Azərbaycanda bütün sahələrdə nəzərə çarpan inkişafın ölkəsində məmnunluqla izlənildiyini bildirib. Spiker ölkəsinin enerji problemləri ilə üzləşdiyi vaxt Azərbaycanın etdiyi yardımları da unutmadığını deyib.

Görüşdə hər iki ölkənin GUAM çərçivəsində əməkdaşlığı dərinləşdirməsi, eyni zamanda parlamentlərarası əlaqələrin daha da sıxlaşdırılması məsələlərinə də toxunulub. O da qeyd olunub ki, Almaniyada baş verən qatar qəzasından sonra planlaşdırılan bir çox görüşlər təxirə salınıb.

Onu da bildirək ki, prezident Almaniyanın federal xarici işlər naziri Frank-Ialter Ştaynmayer, federal kansler Angela Merkel, ABŞ-ın keçmiş dövlət katibi Henri Kissencerlə görüşəcək. Axşam dövlət başçısı Bertelsman Fonduna baş çəkəcək və qəbulda iştirak edəcək. Sentyabrın 23-də prezident İlham Əliyev Azərbaycanın Almaniyadakı səfirliyində olacaq və səfirliyin yeni binası ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti