...

Prezident "Şiofok konfransı" sərhəd xidmətləri rəhbərləri işçi qrupunun Bakıda keçirilən iclasının nümayəndələrini qəbul edib

Siyasət Materials 27 Sentyabr 2006 18:32 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın ("Şiofok konfransı") sərhəd xidmətləri rəhbərləri işçi qrupunun Bakıda keçirilən iclasının nümayəndələrini qəbul edib. Trend xəbər verir ki, prezident konfransın ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını və Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm verdiyini bildirib.

Dünyanın terrorizmlə və narkotik maddələrin qaçaqmalçılığı ilə üzləşdiyi indiki narahat vaxtda sərhədlərin mühafizəsini vacib sayan Azərbaycan prezidenti vurğulayıb ki, sərhəd xidməti qurumlarının əməkdaşlığı ümumi təhlükəsizlik üçün olduqca zəruridir. Prezident deyib ki, hər bir ölkənin sərhədi əməkdaşlıq üçün bir qapıdır. Bu qapı dostların və xoşniyyətli insanların üzünə açıq olmalıdır. Lakin bəzən elə olur ki, bu qapılar potensial təhlükə mənbəyinə çevrilir. Yalnız beynəlxalq təhlükəsizlik tədbirləri yarana biləcək hər hansı təhlükənin qarşısını ala bilər.

Konfransda dünyanın bir çox ölkələrindən, o cümlədən Avropa İttifaqı dövlətlərindən nümayəndələrin iştirakını müsbət hal kimi dəyərləndirən prezident sərhəd xidməti təcrübəsinin Azərbaycan üçün xüsusi önəm daşıdığını vurğulayıb. Azərbaycanın sərhəd xidmətinin kifayət qədər güclü olduğunu və getdikcə daha da təkmilləşdiyini bildirən dövlət başçısı xatırlayıb ki, hər bir ölkənin təhlükəsizliyi onun sərhədindən başlayır: "Terrorizmin yaratdığı dramatik vəziyyət şəraitində sərhədlərin tam təhlükəsizliyini təmin etmək üçün bütün ölkələrin sərhəd xidmətləri sıx əməkdaşlıq etməli, qarşılıqlı informasiya mübadiləsi aparmalıdırlar. Yalnız belə əməkdaşlıq nəticəsində Avropada və dünyada təhlükəsizliyə tam nail olmaq mümkündür".

Görüş iştirakçıları adından danışan Almaniyanın Federal Sərhəd Mühafizəsinin rəisi Udo Burkholder Bakıda keçirilən iclasın əhəmiyyətindən bəhs edərək deyib ki, sərhəd xidmətçiləri vahid bir ailəyə mənsubdur. Azərbaycan sərhədçilərinin bu ailədə xüsusi yeri var.

Udo Burkholder "Şiofok konfransı"nın rəmzi hədiyyəsini Azərbaycan prezidenti İlham Əliyevə təqdim edib.

Xəbər lenti

Xəbər lenti