Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı il sentyabrın 18-20-də Türkiyənin Antalya vilayətində keçirilmiş X Türk Dövlət və Cəmiyyətlərin Dostluq, Qardaşlıq və Əməkdaşlıq qurultayındakı çıxışı zamanı verdiyi tövsiyələrə uyğun olaraq Azərbaycan və türk diasporlarının I Forumunun keçirilməsi ilə bağlı hazırlıq işlərinə başlanılıb. Trend in məlumatına görə, bu barədə jurnalistlərə sentyabrın 28-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.
O qeyd edib ki, Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlığı daha təkmil və sistemli şəkildə koordinasiya etmək məqsədilə diasporlararası əməkdaşlığın əsas prinsip və istiqamətlərini müəyyən edən fəaliyyət strategiyası - konsepsiya hazırlanacaq. Konsepsiya Azərbaycanın və Türkiyənin müvafiq dövlət orqanlarına təqdim olunacaq, onların da tövsiyələri qəbul edləcək. Dövlət orqanlarının, həmçinin Azəraycan və türk icmalarının bütün təklif və tövsiyələri nəzərə alınmaqla fəaliyyət strategiyası layihşəsi hazırlanacaq və gələn il keçiriləcək Forumda qəbul olunacaq.
N.İbrahimovun sözlərinə görə, I Forumda Azərbaycan prezidenti İlham Əliyev, həmçininin Trükiyənin rəsmi şəxsləri, müxtəlif ölkələrdən parlament nümayəndələri, türkdilli dövlətlərin təmsilçiləri iştirak edəcək.
Forumda həmçinin Trük Dünyası Gənclik Qurultayının keçirilməsi ilə bağlı təklif də müzakirəyə çıxarılacaq. Komitə sədri bildirib ki, prezidentin də iştirak edəcəyi Azərbaycan və türk diaspor təşkilatları I Forumunun gələn ilin yaz aylarında Bakıda keçirilməsi planlaşdırılır.