...

Rauf Arifoğlu: "Son qərarım apardığım məsləhətləşmələrdən sonra bəlli olacaq"

Siyasət Materials 2 Oktyabr 2006 16:46 (UTC +04:00)

Sülhəddin Əkbərin Müsavat Partiyası Məclisinə sədr seçilməsini mənfi qarşılayıram. Bu barədə Trend ə Müsavat Partiyası Məclisinin sabiq üzvü Rauf Arifoğlu bildirib.

R.Arifoğlu onu da qeyd edib ki, Müsavat Partiyası Məclisinin sentyabrın 30-da keçirilən iclası və Məclisə sədrin seçilməsinə münasibətini bir neçə gündən sonra mətbuata açıqlayacaq: "Hələlik isə bu məsələlərlə bağlı mövqeyim açıqdır. Hər iki prosesə mənfi yanaşıram".

R.Arifoğlu partiyadan istefa verməsi ilə bağlı məlumatları təkzib edib. Bildirib ki, o, yalnız məclis üzvülüyündən istefa verib: "Başqa məsələlərlə bağlı müsavatçı dostlarımla məsləhətləşmələr aparıram. Qərarımız elan olunacaq". R.Arifoğlu etiraf edib ki, Məclis üzvlüyündən istefa verməyi S.Əkbərin Məclis sədri seçilməsi ilə bağlıdır. "Ümumiyyətlə, partiyadan getmək barədə fikirləşirsinizmi" sualımızı cavablandıran R.Arifoğlu bu barədə məsləhətləşmələrdən sonra qərar veriləcəyini bildirib. Məsləhətləşmələrin isə partiya rəhbərliyi, rayon təşkilatları sədrləri və dostları səviyyəsində aparıldığını vurulayıb.

Partiya sədrinin müavini Arif Hacılı isə S.Əkbərin Məclis sədrliyinə seçilməsi və Məclisin iclasının keçirilməsinə münasibət bildirməkdən imtina edib: "Mən bu məsələlərə şərh vermək istəmirəm. Elə belə də yazın".

Divan üzvü Vurğun Əyyub isə Məclisin iclasının demokratik şəraitdə keçirildiyini bildirib. V.Əyyub Məclisin iclasında Sülhəddin Əkbərin ünvanına söylənilən ittihamların partiya daxilində heç bir gərginlik yaratmayacağına inanmadığını söyləyib. Onu da bildirək ki, V.Əyyub Məclisin iclasında S.Əkbərə səs verilməsi təklifi ilə çıxış edib.

Müsavat Partiyası 1992-ci ildə eks-spiker, 2003-cü ildə isə prezidentliyə namizəd İsa Qəmbərin rəhbərliyi ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti