Bu il sentyabrın 29-da Azərbaycanın Avstriya Respublikasındakı səfiri Fuad İsmayılov öz etimadnaməsini Sloveniyanın prezidenti Yanez Drnovşekə təqdim edib. Bu barədə Trend ə Azərbaycan XİN-nin mətbuat mərkəzindən məlumat verilib.
Təqdimetmə mərasimindən sonra səfir F.İsmayılovun Sloveniya prezidenti Y.Drnovşek ilə söhbəti olub. Söhbət zamanı F.İsmayılov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını prezident Y.Drnovşekə çatdırıb.
Görüş zamanı Fuad İsmayılov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və ölkəmizin tutduğu mövqe barədə həmsöhbətinə ətraflı məlumat verib.
Daha sonra səfir Azərbaycan Respublikası prezidentinin bu yaxınlarda Sloveniyaya rəsmi səfərini xatırlayaraq, səfərin nəticələrinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin bütün sahələrdə inkişaf etməsinə təkan verəcəyinə ümid bəslədiyini bildirib.