...

Fazil Qəzənfəroğlu: "Yerli təşkilatlarımızın güclü olduğu dairələrdə namizədlərimiz uğur qazana bilər"

Siyasət Materials 6 Oktyabr 2006 13:18 (UTC +04:00)

Bələdiyyə seçkilərində iştirak edən müxalifətyönlü Böyük Quruluş Partiyası (BQP) öz yerli bölmələri və qeyri-hökumət təşkilatlarının apardığı müşahidələr əsasında seçkinin gedişinə dair məlumatlar alacaq. Bu barədə Trend ə BQP-nin sədri, millət vəkili Fazil Qəzənfəroğlu məlumat verib.

O bildirib ki, BQP-nin yerli təşkilatlarına seçkinin müşahidəsini aparmaq tapşırılıb. Partiya həm də rəsmi müşahidəçilik aparan QHT-lərin məlumatlarına əsaslanaraq seçki ilə bağlı öz mövqeyini müəyyənləşdirəcək.

F.Qəzənfəroğlu qeyd edib ki, BQP-nin bələdiyyə seçkilərində 17 namizədi iştirak edir. Partiya sədrinin sözlərinə görə, bu namizədlərdən bəzilərinin qalib gəlmək şansı yüksəkdir: "Hansı bölgələrdə ki, bizim yerli təşkilatlarımız güclüdür, həmin dairələrdə namizədlərimiz uğur qazana bilər. Ancaq bölgə təşkilatlarımızın zəif olduğu yerlərdə biz qələbəyə o qədər də iddialı deyilik"-deyə F.Qəzənfəroğlu bildirib.

Qeyd edək ki, bu gün 603 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçirilir.

Xəbər lenti

Xəbər lenti