...

Əli Əhmədov: "Fransanın qondarma erməni soyqrımını gündəmə gətirməsi fikir azadlığına hörmətsizlikdir"

Siyasət Materials 12 Oktyabr 2006 12:49 (UTC +04:00)

Fransanın qondarma erməni soyqrımını gündəmə gətirməsi insan haqlarına müdaxilə, fikir azadlığına hörmətsizlikdir. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov oktyabrın 11-12-də Fransa parlamentində qondarma erməni soyqrımı ilə bağlı məlum qanun layihəsinin müzakirəsinə münasibət bildirərkən qeyd edib.

Ə.Əhmədov insan azadlıqları anlayışına zidd olan qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasına təəssüfləndiyini bildirib: "Çünki demokratik ənənələri ilə dünyanın siyasi tarixində özünəməxsus yeri olan Fransada bu dərəcədə sərsəm bir qanun layihəsi müzakirəyə çıxarılıb. Bu, birbaşa insan haqlarına müdaxilədir, fikir azadlığına hörmətsizlikdir. Eyni zamanda Türkiyəyə təzyiq vasitələrindən biridir".

Millət vəkili onu da vurğulayıb ki, Türkiynin Avropa Birliyinə daxil olmasına maneçilik göstərən dövlətlərdən biri də Fransadır. Çox müxtəlif bəhanələr gətirən rəsmi Paris Türkiyənin quruma üzv olmasına mane olur: "Ancaq Türkiyənin Avropa Birliyinə üzv olmasını istəyən dövlətlərin sayının artması Fransanı daha qəddar üsullara əl atmağa sövq edir. Təsəvvür edin ki, Türkiyənin Avropa Birliyinə daxil olması bu dövlətin vətəndaşlarının hər hansı bir maneə olmadan Fransaya gəlib-getməsini təmin edəcək. Təbiidir ki, heç bir türk vətəndaşı erməni soyqrımını etiraf etməyəcəkdir. Beləliklə də, Türkiyə Avropa Birliyinə daxil olduqdan sonra vətəndaşlarının Fransaya gəliş-gedişinin qarşısını almaq məqsədi güdülür".

Millət vəkili bildirib ki. bu məsələ ilə bağlı beynəlxalq ictimaiyyət öz sözünü deməlidir. Qondarma bir soyqrımı hər bir kəsin etiraf etməsini tələb etmək antidemokratik, antiinsani, fikir azadlığına, bütöv bir xalqa qarşı çevrilən addımdır: "Mən inanmaq istəyirəm ki, Fransa parlamenti belə bir sənədi qəbul etməyəcək. Əgər belə bir hadisə baş verərsə, onda Fransanın demokratik imicinə böyük zərbə vurulacaq".

Xəbər lenti

Xəbər lenti