...

Millət vəkilləri Fransa parlamentinin qərarına etiraz edib

Siyasət Materials 13 Oktyabr 2006 17:33 (UTC +04:00)

Fransanın məqsədi türklərin bu ölkənin ictimai-siyasi həyatında fəal iştirakının qarşısını almaqdır. Trend xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva oktyabrın 12-də Fransa parlamentində milli assambleyada qondarma erməni soyqrımı ilə bağlı qəbul edilən məlum qanun layihəsinə münasibət bildirərərkən qeyd edib.

Q.Paşayeva bildirib ki, Fransadan öncə bu məsələ Hollandiya və Belçikada gündəmə gətirilib: "Mən əminəm ki, bu məsələ təkcə Fransa ilə bitməyəcək. Bu zəncir davam edəcək. Əsas məqsəd ondan ibarətdir ki, türk dünyası Avropa Birliyindən təcrid olunsun. Eyni zamanda azərbaycanlılar və türklər Fransanın ictimai-siyasi həyatında fəal iştirak etməsinlər". Millət vəkili bu yaxınlarda Hollandiyada keçirilən parlament seçkilərində bir neçə türk vətəndaşının məhz bu məsələ ilə bağlı namizədliyindən imtina etdiyini bildirib.

Millət vəkili Həvva Məmmədova da Fransa parlamentində məlum məsələ ilə bağlı qəbul edilən sənədin bütün türk dünyasında narazılıq yaratdığını bildirib: "Fransa parlamenti sənədi qəbul edərsə bu bütün Avropa xalqlarının böyük qəzəbinə səbəb olacaq. Avropada demokratiyanın beşiyi sayılan Fransada qondarma erməni soyqrımı ilə bağlı sənədin qəbul edilməsi çox böyük haqsızlıq və ədalətsizlikdir. Bu türklərin Fransadan deportasiyasına səbəb olacaq".

Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev isə bu məsələdə Fransa dövlətinin mövqeyinin gözlənilməsini bildirib: "KİV-dən aldığımız məlumatlara görə, hakimiyyət bu məsələyə etiraz edib. Belə qərarlar tələsik qəbul edilmir. Ancaq hər halda biz mövqelərimizi ortaya qoymalıyıq".

Millət vəkillərindən Fəzail Ağamalı, Aydın Mirzəzadə, Anar Məmmədxanlı, Fazil Qəzənfəroğlu, İqbal Ağazadə və digərləri Fransa parlamentində qondarma erməni soyqrımı ilə bağlı qəbul edilən məlum qanun layihəsinin demokratiya və insan azadlıqlarına qarşı yönələn addım hesab ediblər.

Xəbər lenti

Xəbər lenti