...

Koitiro Matsuura: YUNESKO-da Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfə yüksək qiymətləndirilir

Siyasət Materials 20 Oktyabr 2006 12:03 (UTC +04:00)
Koitiro Matsuura: YUNESKO-da Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfə yüksək qiymətləndirilir

YUNESKO-da Azərbaycanın dünya mədəni irsinin qorunmasına verdiyi töhfə yüksək qiymətləndirilir. Bu barədə təşkilatın baş direktoru Koitiro Matsuura Parisdə keçirilən "Azərbaycan: sivilizasiya və mədəniyyətlərin kəsişməsi" adlı festivalda bəyan edib.

Trend in İTAR-TASS agentliyinə istinadən xəbər verdiyi kimi, beynəlxalq təşkilatın rəhbəri respublikada təhsil sahəsində aparılan islahatları, Böyük İpək Yolunun bərpası, Dünya muğam mərkəzinin yaradılması istiqamətində görülmüş işləri xüsui qeyd edib. "Mən münasibətlərimizin inkişaf səviyyəsindən tam razıyam. Bu, yaxşı əməkdaşlıq nümunəsidir", - deyə Koitiro Matsuura bildirib. O qeyd edib ki, yenə də Bakıya gəlmək niyyətindədir.

Respublikada humanitar sahəsdə gerçəkləşdirilən layihələri Parisdə YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təqdim edib. O, uşaqları müdafiə, qaçqınlara dəstək, cəmiyyətdə tolerantlığın inkişaf etdirilməsi proqramlarından danışıb. "Ölkəmiz universal dəyərləri paylaşır. Biz hara getdiyimizi bilirik", - deyə Azərbaycanın birinci xanımı qeyd edib.

Tanınmış yaradıcı kollektiv və solistlərin iştirakı ilə keçirilmiş qala-konsert "Folklordan müasir ritmlərədək mədəniyyətlərin dialoqu" adlanıb. Səhnədə auditoriyaya musiqinin bütün rəngarəngliyini bəxş edən rəqs ansamblları, vokalçılar, instrumental qruplar bir-birini əvəzləyib. Proqramın sonunda qonaqları sürpriz gözləyirdi - səhnəyə Patrisiya Kaas çıxdı və bu, festivala fransız aksenti əlavə etdi.

Bu gün Süffren küçəsindəki YUNESKO Evinə gələnlər bir gün əvvəl təntənəli açılış mərasimi keçirilmiş foto-sərgiyə baş çəkə biləcək. Ondan bir gün əvvəl isə Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev parisliləri opera solistlərinin iştirakı ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışına dəvət edib. Sen-Lui-dez-İnvalid kilsəsinin tağları altında məşhur milli bəstəkarların bəstələri, klassik əsərlər (o cümlədən rus dilində) səsləndirilib. Parislilər baş dirijor Teymur Göyçiyevi və onun rəhbərlik etdiyi musiqiçilər qrupunu səmimi qarşılyıb.

İTAR-TASS-ın xüsusi müxbiri ilə söhbətində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev qeyd edib ki, azərbaycanlı artistlərin çıxışı və foto sərgi təşkilatın 60 illiyinə həsr olunub. Ölkə təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatına 1992-ci ilin iyunundan daxildir.

Bu gün 191 ölkəni birləşdirən YUNESKO-da hesab edilir ki, respublikanın əsrlər boyu formalaşmış rəngarəng mədəni irsi "sivilizasiyalar arasında dialoqun inkişafı üçün mühüm əsas yaradır. Təşkilatın mənzil-qərargahının nümayəndələri "Azərbaycanın Şərq və Qərb, Şimal və Cənub arasında mübadilə və qarşılıqlı anlaşmaya yardım səylərini" alqışladıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti