...

İtaliyanın ATƏT-dəki daimi nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarla maraqlanıb

Siyasət Materials 1 Noyabr 2006 19:22 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 1-də İtaliyanın ATƏT-dəki daimi nümayəndəsi Franzesko Baskoneni qəbul edib. Bu barədə Trend ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

F.Baskone ATƏT-in Bakıdakı ofisinin fəaliyyətindən və hökumət qurumlarının ofislə əməkdaşlığından razı qaldığını bildirib. O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşündən sonra nazir Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı mərhələsi ilə bağlı fikirlərilə maraqlanıb.

E.Məmmədyarov münaqişənin həllinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu qeyd edib. Nazir həmçinin Dağlıq Qarabağ ermənilərinin də Azərbaycan vətəndaşları olduğunu və Azərbaycanın ayrılmaz tərkib hissəsini təşkil edən bu bölgənin gələcəkdə inkişaf etdirilməsində hökumətin maraqlı olduğunu nəzərə çatdırıb.

F.Baskone də həllin əsas prinsipləri üzrə razılığın əldə olunmasının zəruriliyini qeyd edərək, münaqişənin tənzimlənməsindən sonra qarşılıqlı etimadın yaranması istiqamətində tədbirlərin görülməsini vacib sayıb.

Xəbər lenti

Xəbər lenti