Gürcüstan büdcəsi ölkə üçün Rusiya qazının tarifinin iki dəfə artması kimi şok zərbələrə davam gətirməyə hazırdır. Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına görə, bu barədə noyabrın 3-də hökumətin iclası başlanmazdan əvvəl Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvili bəyan edib.
"Moskvanın bu qərarı real olaraq ölkə iqtisadiyyatına təsir göstərməyəcək",- deyə o hesab edir.
Nazir sözlərinin təsdiqi olaraq, Standart & Poor's beynəlxalq reytinq agentliyi ekspertlərinin fikrini nümunə gətirib. Onlar təsdiq edir ki, 1 min kub metri 110 dollara olan qazın qiymətinin artması Gürcüstan iqtisadiyyatının inkişafına yalnız orta təsir göstərəcək.
Gürcüstanda qazın tarifinin artması mümkünlüyünə gəlincə, A.Aleksişvili vurğulayıb ki, bu, Rusiyanın öz qazını Gürcüstan üçün neçəyə qiymətləndirəcəyindən asılı olacaq.
"Biz danışıqların nəticələrini gözləyir, eyni zamanda alternativ tədarük axtarışındayıq. Biz bu proseslərin başa çatmasını gözləyəcəyik", - deyə o bildirib.