...

Bu gün deputatlar Azərbaycanın 2007-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsini davam etdirib

Siyasət Materials 8 Noyabr 2006 20:03 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, deputat Cəmil Həsənli öz çıxışında qiymətlərin artmasına toxunaraq qeyd edib ki, bunun birinci səbəbi monopoliyaların olması ilə bağlıdır. "Hətta diş təmizləyənlərlə ticarətdə də monopoliya mövcuddur. Bu monopoliyaların arxasında yüksək vəzifəli dövlət məmurları durur. Buna görə də onlarla mübarizə aparmaq qeyri-mümkündür", - deyə o bildirib.

Hakim "Yeni Azərbaycan" partiyası sədrinin müavini deputat Əli Əhmədov isə bu mövzunu davam etdirərək bildirib ki, bəzi sahibkarlar ən sadə yolla, məhz malların qiymətini bahalaşdırmaqla öz kapitallarını artırmaq istəyir. Onun fikrincə, bununla mübarizə aparmaq üçün mobil vergi sistemi qəbul etmək lazımdır. Bu halda sahibkarlar istehsalı və ya xidmətləri artırmağa çalışmalı olardı.

Deputat Əli Məsimov dövlət büdcəsində göstərilmiş neftin qiymətləri ilə bağlı çıxış edib. O, dünya bazarlarında neftin qiymətlərinin azaldığı və ya artdığı halda proqramlar hazırlamağı təklif edib. "Neftin bir barelinin qiymətinin 40 dollara düşdüyü halda, o cümlədən 50 dollardan çox artdığı halda ayrıca proqramlar lazımdır. Yalnız belə proqramlar olduqda, dünya bazarlarında qiymət dəyişmələri Azərbaycanın iqtisadiyyatına mənfi təsir göstərməyəcək", - deyə Ə.Məsimov qeyd edib.

YAP icraçı katibinin müavini Siyavuş Novruzov hökuməti bölgələrin inkişafı üçün ayrılan vəsaitlərə sərt nəzarət etməyə çağırıb. "Bir sıra rayonlarda bölgələrin inkişafı üzrə işlər yaxşı səviyyədə aparılır. Ancaq elə rayonlar var ki, burada 4 rəhbər dəyişilsə də, hər yeni rəhbər eyni küçənin təmiri ilə məşğul olur. Büdcə vəsaitlərinin məqsədsiz istifadəsinə yol vermək olmaz", - deyə o bildirib.

S.Novruzov hökuməti Naxçıvan-Bakı aviareysini yeni təyyarələrlə təmin etməyə çağırıb. O qeyd edib ki, hazırda bu reysdə Ukraynadan alınmış köhnə təyyarələr işləyir və hər an faciə baş verə bilər.

Xəbər lenti

Xəbər lenti