Noyabrın 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında müxalifəti təmsil edən siyasi partiyaların sədrlərinin, hüquq müdafiə təşkilatlarının, jurnalist qurumlarının rəhbərlərinin geniş tərkibli birgə toplantısında söz azadlığının müdafiəsinin Koordinasiya Şurası yaradıldı. Trend in məlumatına görə, bu barədə jurnalistlərə "Turan" Agentliyinin direktoru Mehman Əliyev açıqlama verib.
Qeyd edək ki, AXCP-nin, "Azadlıq" qəzeti və "Turan" Agentliyinin Xaqani 33 ünvanında yerləşən qərargahlarından çıxarılmasına etiraz olaraq aclıq aksiyası, piketlər və siyasi, ictimai qurumların toplantıları davam edir. Bu gün müxalifəti təmsil edən siyasi partiyaların rəhbərləri, bir sıra QHT və KİV rəhbərləri söz azadlığının müdafiəsinin Koordinasiya Şurasını təsis ediblər. Mehman Əliyev Koordinasiya Şurasının rəhbəri seçilib. O bildirib ki, bu qurum hamı üçün açıqdır və Şuraya qoşulması üçün ictimai xadimlər də dəvət olunacaq. Şuranın növbəti iclası noyabrın 24-də saat 13.00-da keçiriləcək.
Həmin gün Koordinasiya Şurasının üzvləri həm də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin bu təşkilatların Xaqani 33-dəki binadan çıxarılmasına dair qaldırdığı iddia əsasında keçirilən məhkəmə iclasında da iştirak edəcəklər. Koordinasiya Şurası söz azadlığının müdafiəsi məqsədilə tədbirlər keçirəcək, hesabatlar hazırlayıb yayacaq, birgə kütləvi aksiyaların keçirilməsi işləri ilə məşğul olacaq.