Noyabrın 29-u-dekabrın 2-də Azərbaycan parlament missiyası Pakistana səfər edəcək. Bu barədə Trend ə Milli Məclisin deputatı Azərbaycan Demokrat İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib.
Missiyaya parlamentin beynəlxalq münasibətlər və beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə isə A.Mollazadə ilə yanaşı, parlament komissiyalarının sədrləri Eldar İbrahimov, Hadı Rəcəbli, Rəbiyət Aslanova və başqaları daxil olacaq.
Deputatın sözlərinə görə, səfərdə məqsəd son illərdə formalaşan Azərbaycan-Pakistan dostluğuna təkan verməkdən ibarətdir. "Pakistan prezidenti Bakıda, Azərbaycan prezidenti isə Pakistanda səfərdə olub və bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığımız inkişaf edir. Bu kontekstdə biz parlamentlərarası əlaqələri də möhkəmləndirməyə çalışacağıq. Pakistan Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina edib və Azərbaycanın mövqeyini bütün beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyən ölkədir", - deyə A.Mollazadə qeyd edib. O, bu dostluq əlaqələrini inkişaf etdirmək üçün konkret əməkdaşlıq planının hazırlanması və gerçəkləşdirilməsi zəruriliyini də əlavə edib.