...

ATƏT Azərbaycan hüquq mühafizə orqanlarında qadınların sayını artırmağın vacib olduğunu hesab edir

Siyasət Materials 24 Noyabr 2006 14:55 (UTC +04:00)
ATƏT Azərbaycan hüquq mühafizə orqanlarında qadınların sayını artırmağın vacib  olduğunu hesab edir

Noyabrın 27-28-də ATƏT-in Bakı ofisi Azərbaycanda qadın hüquqlarına həsr olunmuş konfrans keçirəcək. Trend -in məlumatına görə, bu haqda ATƏT-in demokratiya məsələləri üzrə Bakı ofisinin rəhbərinin məsləhətçisi İnqrid Angela bu günkü brifinqdə məlumat verib.

O qeyd edib ki, tədbirə ABŞ, Almaniya, Böyük Britaniya,Avstriya, Makedoniya, İran, Ukrayna, Gürcüstan, Qırğızıstandan ekspertlər, eyni zamanda yerli mütəxəssislər gələcək. Görüşə həm də parlamentdən, Azərbaycanın konstitusiya, rayon və iqtisad məhkəmələrindən, qadın, uşaq və ailə problemləri üzrə komitələrdən, Ədliyyə Nazirliyindən nümayəndələr və polisdə işləyən 10 qadın da dəvət olunub.

ATƏT-in nümayəndəsi hesab edir ki, Azərbaycanın hüquq mühafizə orqanlarında qadınlar kifayət qədər təmsil olunmayıb. Bununla paralel olaraq, Azərbaycan ali məktəblərinin hüquq fakültələrinin 50 faiz tələbəsi məhz qadınlardır. Lakin diplom alandan sonra onlar öz ixtisasları ilə bağlı işlər tapa bilmirlər və QHT-na və ya biznes strukturlarına gedirlər.

Bu konfransı keçirməklə ATƏT bu məsələnin həllinə təkan vemək istəyir. O qeyd edib ki, tədbirdə Azərbaycan höküməti və hüquq firmaları qarşısında bu sahəyə qadınların cəlb olunması məsələsi qaldırılacaq.

Təşkilatın nümayəndəsi qadınların hüquq mühafizə orqanlarının işində passiv iştirakını ilk növbədə xalqın mədəni məsələləri ilə, digər tərəfdən bu sferada qadınların işləməsi üçün şəraitin yaradılmaması ilə bağlayır.

İ.Angela Azərbaycanın məhkəmə sistemini xüsusilə vurğulayıb və bildirib ki, burada kişilər böyük əksəriyyəti təşkil edir və rəhbər qadınlar yoxdur. O əmindir ki, qadınların sayının məhkəmələrdə artması həm də qadınların maraqlarını müdafiə etməyə şərait yaradacaq. İ.Angela qeyd edib ki, bununla belə, bu problem ancaq Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur.

Konfransda qadın hüquq kollegiyası yaratmaq təşəbbüsü irəli sürüləcək və məsələ burada təmsil olunacaq Ədliyyə Nazirliyinin nümayəndəsi ilə müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti