...

Azərbaycanın cəbhə bölgəsinə səfər etmiş millət vəkilləri mətbuat konfransı keçiriblər

Siyasət Materials 8 Dekabr 2006 15:56 (UTC +04:00)

Bir neçə gün əvvəl Azərbaycanın Ağdamdakı cəbhə bölgəsinə səfər edən millət vəkilləri dekabrın 8-də səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriblər. Trend xəbər verir ki, cəbhə bölgəsində olaraq hərbi hissələrin, zabit və əsgərlərin vəziyyəti ilə yerində tanış olmuş millət vəkillərindən ibarət qrupa Elmira Axundova, Lalə Abbasova, Vahid Əhmədov, Fəzail Ağamalı, Aydın Həsənov və Tahir Rzayev daxil olub.

Millət vəkilləri cəbhə bölgəsinə səfərlərindən razı qaldıqlarını bildiriblər. Belə ki, onların sözlərinə görə, Azərbaycan ordusunda inkişaf hiss olunur və ordunun döyüş hazırlığı yüksək səviyyədədir.

Vahid Əhmədov bildirib ki, eyni zamanda ordudakı bir sıra problemlər də diqqətdən yayınmayıb. Bu problemlərlə əlaqədar müvafiq instansiyaları məlumatlandıracaqlar və problemlərin həllinə çalışacaqlar.

Millət vəkili Elmira Axundova isə mətbuatın ordunun vəziyyətinə diqqət yetirməsini vacib sayıb. "Orduda baş vermiş hansısa bədbəxt hadisəni yazmaqla kifayətlənmək olmaz. Ordudan hər zaman yazmaq lazımdır. Təəssüflər olsun ki, biz bunun şahidi olmuruq. Sanki ordu ayrıca bir məmləkətdir. Ancaq əslində orduya qayğı göstərmək hər bir vətəndaşın borcudur" - deyə millət vəkili qeyd edib.

E.Axundova imkanlı şəxsləri ordunun problemlərinə diqqət yetirməyə çağırıb. "Nə qədər göydələn, şadlıq evləri tikmək olar?! Zabitlər üçün evlər tikilməlidir. Bizim buna imkanımız var. Hazırda ciddi məsələ olan bu problemi bir ilin içərisində də həll edə bilərik" - deyə E.Axundova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti