...

VHP sədri S.Rüstəmxanlı: "Müxalifət daxilində hakimiyyətə qarşı mübarizə aparmaq görüntüsü yaradaraq əslində qarşı tərəfin istəyini yerinə yetirən qüvvələr var"

Siyasət Materials 13 Dekabr 2006 13:01 (UTC +04:00)

"Azərbaycanda müxlifətin yenidən bir araya gəlib sıx əməkdaşlıq etməsi, birlik halına gəlməsi real görünmür. Çünki müxalifət daxilində həm normal siyasi fəaliyyət göstərən və ölkənin, xalqın taleyini düşünən partiyalar, həm də bununla yanaşı, öz korporativ maraqlarına dayanaraq siyasi mübarizə adı altında bu işə mane olan qüvvələr var". Bu fikirləri Trend ə açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı bilirib.

Qeyd edək ki, bir müddət əvvəl bütün müxalifət partiyalarının iştirakı ilə söz və mətbuat azadlığının müdafiəsi üzrə Koordinasiya Şurası adlı qurum yaradıldı, iki dəfə müxalifət rəhbərləri bir araya gələrək birgə müzakirələr apardılar. Sabir Rüstəmxanlı bildirib ki, bir neçə dəfə keçirilmiş görüşdən sonra, artıq deyəsən, müxalifətçilərin toplanmaq niyyəti yoxdur. S.Rüstəmxanlı bunu müxalifət partiyaları arasındakı fikir ayrılıqları ilə izah edir.

"Ötən görüşlərdə həmişəki kimi ən xırda məsələlər belə müxalifət partiyaları arasında qarşqılıqlı ittihamlara səbəb oldu. Mətbuata verilən şərhlərdən də belə hiss edirəm ki, arada soyuqluq yaranıb"-deyə S.Rüstəmxanlı qeyd edib. Onun fikrincə, müxalifət daxilindəki soyuqluğun bir sıra obyektiv səbəbləri var. Bu səbəblər hadisələrə münasibətdə, vəziyyətdən çıxış yollarını axtarmaq üsullarında, məsələlərə müxtəlif cür yaşanmalarda özünü göstərir: "Bəzən hakimiyyətə qarşı mübarizə aparmaq görüntüsü yaradaraq əslində qarşı tərəfin istəyini yerinə yetirməyə çalışan qüvvələr var. Bundan başqa, gözünü xaricə dikib kənar qüvvələrin nə deyəcəyini gözləyənlər də mövcuddur. Bir sözlə, Azərbaycanda müxalifət rəngarəng, çoxşaxəlidir. Müxalifət dedikdə yalnız eyni cür düşünən adamlar nəzərdə tutulmamalıdır. Müxalifət daxilində müxtəlif qruplar var. Normal siyasi fəaliyyət göstərmək istəyən, ölkənin və xalqın taleyini düşünən partiyalarla yanaşı, siyasi mübarizə adı altında bu işə mane olan qüvvələr də var. Ona görə də onla

rın hamısını bir araya yığmaq çox çətin məsələdir"-deyə VHP sədri vurğulayıb.

Qeyd edək ki, VHP 1992-ci il 26 sentyabrda bir qrup ziyalı tərəfindən yaradılıb, həmin ildə də dövlət qeydiyyatına alınıb. Partiya 1995, 2000, 2005-ci ilin parlament, 2003-cü ilin prezident, 1999, 2004-cü ilin bələdiyyə seçkilərində iştirak edib. Müxalifətyönlü VHP-nin sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlı 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti