...

İranın XİN başçısı: Transxəzər boru kəmərinin tikintisi haqqında məsələ bütün Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır

Siyasət Materials 15 Dekabr 2006 12:52 (UTC +04:00)

İran hesab edir ki, Transxəzər boru kəmərinin tikintisi haqqında məsələ bütün Xəzəryanı ölkələr tərəfindən həll olunmalıdır. Trend RİA "Novosti"-yə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məniçöhr Möttəki bildirib.

"Biz Qazaxıstanla boru kəməri ilə bağlı danışıqlar apardıq, bu məsələ Xəzərdə yerləşən bütün ölkələr tərəfindən həll olunmalıdır", - deyə Möttəki cümə günü Astanada keçirilən mətbuat konfransında bildirib. Əvvəl Avropa komissiyasının Şərqi Avropa, Şimali Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə direktorluğunun başçısı Yuq Minqarelli bildirib ki, Avropa Birliyi Mərkəzi Asiyadan Avropaya yeni boru kəmərinin tikintisini dəstəkləmək niyyətindədir. "Ümid edirik ki, yaxın gələcəkdə biz AB-yə yeni boru kəmərinin tikintisini dəstəkləyə biləcəyik. Yəqin ki, seçim Transxəzər boru kəmərinin üzərində dayanacaq", - deyə o, Avropa Birliyinin missiya başçılarının regional konfransı çərçivəsində Astanada keçirilən mətbuat konfransında bildirib.

"Seçim zamanı (karbohidrogenlərin Mərkəzi Asiyadan Avropaya nəql etmə istiqamətləri) AB bütün maraqlı ölkələrin maraqlarını nəzərə alacaq. Seçimi kommersiya analizi əsasında etmək lazımdır, lakin bu zaman biz geosiyasi vəziyyəti nəzərə almaya bilmərik", - deyə Minqarelli bildirib.

"Avropa Birliyinin başlıca məqsədi - AB ölkələrinin enerji təminatıdır. Buna nail olmaq üçün yalnız enerji mənbələrini deyil, həm də nəqliyyat yollarını diversifikasiya etmək lazımdır. Ona görə də AB Xəzər hövzəsinə böyük diqqət ayırır", - deyə diplomat qeyd edib.

Öz növbəsində, Rusiya Sənaye və Energetika Nazirliyinin başçısı Viktor Xristenko bildirib ki, Transxəzər boru kəmərinin tikintisi yalnız Xəzər dənizinin statusu müəyyən olunduqdan sonra mümkündür. "İstənilən variantda Transxəzər sisteminin yaradılması haqqında məsələlərin həlli, o cümlədən boru kəmərinin çəkilməsi üçün Xəzər dənizinin statusunun nizamlanmasını aydın şəkildə anlamaq tələb olunur", - deyə Xristenko bildirib.

Nazir vurğulayıb ki, borunun tikintisi məqsəd deyil. "Bir tərəfdən, texniki məsələləri sadələşdirmək olmaz, digər tərəfdən isə hər şeyi xalis siyasət dərəcəsinə ötürmək lazım deyil, çünki burada kifayət qədər çox iqtisadiyyat var", - deyə Xristenko qeyd edib.

Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetov bildirib ki, "əgər bu, iqtisadi cəhətdən məqsədəuyğun olsa və digər Xəzəryanı ölkələrin razılığı olsa", Qazaxıstan Transxəzər qaz kəməri layihəsinə qoşulma imkanını nəzərdən keçirəcək. "Biz Rusiya ilə birgə Xəzərdəki Xvalın və Mərkəzi yataqları işləyəcəyik, orada böyük qaz həcminin olduğu ehtimal olunur. Rusiyanın Transxəzər qaz kəməri layihəsinə qoşulması zamanı böyük mənfəət əldə etmək olar", - deyə İzmuxambetov əlavə edib.

Xəbər lenti

Xəbər lenti