...

VHP Qarabağ problemi ilə əlaqədar hakim partiyanı dialoqa çağırıb

Siyasət Materials 15 Dekabr 2006 16:09 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədova məktubla müraciət edib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Müraciətdə son günlər iqtidar-müxalif dialoqunun gündəmə gəlməsindən razılıq ifadə olunub. Bildirilib ki, xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağın azərbaycanlı icmasının öz yurd-yuvalarına qayıtmasından və erməni-azərbaycanlı icmaları arasında humanitar sahədə əlaqələrin qurulmasından 15 il sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsiylə bağlı referendumun keçirilməsinə Azərbaycan tərəfinin razı olduğu barədə açıqlaması ictimaiyyəti, o cümlədən, siyasi partiyaları həddindən artıq narahat edir. Buna görə də VHP sədri müraciətdə konkret olaraq bu məsələnin iqtidar və müxalifət təmsilçiləri arasında qapalı formada müzakirə olunması təklifini irəli sürüb.

Müraciətdə həmçinin Vətəndaş Həmrəyliyi Partiyasının iqtidar-müxalifət dialoquna ev sahibliyi etməyə hazır olduğu da bildirilib.

Xatırladaq ki, müxalifətyönlü Vətəndaş Həmrəyliyi Partiyasının sədri millət vəkili, xalq şairi S.Rüstəmxanlıdır. O, 1991-95-ci illərdə mətbuat və informasiya naziri, 2003-cü il prezident seçkilərində prezidentliyə namizəd olub. Yeni Azərbaycan Partiyası isə 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti