...

Daxili işlər nazirinin müavini: "Qadınlara qarşı törədilən cinayətlər nəticəsində 200 qadın həlak olub"

Siyasət Materials 21 Dekabr 2006 18:43 (UTC +04:00)

Qadınların ailələrdə zorakılıqla üzləşməsi ilə bağlı faktlara xüsusi həssaslıqla yanaşılır və münaqişəli ailələr qeydiyyata götürülərək aidiyyatı qurumlarla birlikdə onların ətrafında qabaqlayıcı tədbirlər görülür. Trend xəbər verir ki, bu barədə Milli Məclisdə qadınlara qarşı törədilən zorakılığın qarşısının alınması ilə bağlı təşkil olunan dinləmələrdə daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.

"Məişət zorakılığı zəmnində baş verən hər bir cinayət faktı üzrə xidməti tədqiqat aparılaraq, ərazi polis orqanları əməkdaşlarının bu cür cinayətlərin qarşısının alınması sahəsindəki fəaliyyətinə hüquqi qiymət verilir" - deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, 2005-ci il və 2006-cı ilin 11 ayı ərzində qadınlara qarşı 8948, o cümlədən şəxsiyyət əleyhinə 6717 cinayət faktı qeydə alınıb. "Onlardan 4648-ni döymələr, 1198-ni qəsdən sağlamlığa müxtəlif dərəcəli zərərvurmalar, 213-nü 16 yaşına çatmamış şəxslərlə cinsi əlaqədə olmaq və seksual xarakterli digər hərəkətlər, 73-nü zorlamalar, 49-nu işgəncəvermələr, 45-ni seksual xarakterli zorakılıq hərəkətləri, 10-nu belə hərəkətlərə məcburetmələr, 7-ni əxlaqsız hərəkətləri təşkil edib."

Nazir müavini vurğulayıb ki, qadınlara qarşı törədilən cinayətlərin 27 faizi və yaxud hər ücüncüsü ailə-məişət münaqişəsi zəminində baş verib. "Qadınlara qarşı törədilən cinayətlər nəticəsində 200 qadın, onlardan 23-ü azyaşlı qız olmaqla ölmüşdür. Qadınlara qarşı törədilən cinayətlərin təhlili son beş ildə bu növ cinayətlərin artan temp üzə davam etdiyini göstərir. Bu hallar əsasən böyük ictimai əhəmiyyət kəsb edən döymələr hesabına baş verir. Onlardan da yalnız 8 faizi ağır və xüsusilə ağır cinayətlər olmuşdur. Onu da qeyd edim ki, göstərilən dövrlərdə qadınlara qarşı törədilən cinayətlərin 90-95 faizinin üstü açılıb və bu cinayətləri törədən şəxslərin məhkəmə məhsuliyyətinə cəlb olunması təmin edilib".

Xəbər lenti

Xəbər lenti