...

Sərdar Cəlaloğlu: "Mənə işgəncə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışacağam"

Siyasət Materials 15 Yanvar 2007 14:48 (UTC +04:00)

"Mənə işgəncə verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına çalışacam." Trend in məlumatına görə, yanvarın 15-də Beynəlxalq Mətbuat Mərkəzində vəkil Fuad Ağayevlə birlikdə keçirdiyi mətbuat konfransında müxalifətyönlü Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu belə deyib.

Xatırladaq ki, S.Cəlaloğlu 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra baş verən hadisələrə görə həbs olunmuşdu. S.Cəlaloğlu həbsdə olduğu müddətdə ona işgəncə verilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Adıçəkilən məhkəmə yanvarın 11-də S.Cəlaloğlunun şikayəti üzrə qərar qəbul edib. Həmin qərarla ADP sədrinin birinci müavininin şikayəti təmin olunub və ona dəymiş maddi və mənəvi ziyana görə Azərbaycan hökumətinin 10 min avro təzminat ödəməsi haqqında qərar qəbul olunub.

Vəkil Fuad Ağayev bildirib ki, Avropa Məhkəməsinin qəbul etdiyi qərarda qeyd olunur ki, 2003-cü ilin oktyabr ayında S.Cəlaloğlu həbs olunub Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasına gətirildikdən sonra orada idarənin bir sıra əməkdaşları tərəfindən ona işgəncə verilib.

"Avropa Məhkəməsində belə şikayətlərə baxılan zaman çox nadir hallarda pis rəftar faktı müəyyən edilir. Pis rəftar üç növə bölünür. Ləyaqəti alçaldan, qeyri-insani rəftar və işgəncə. Bunlar arasında ən dəhşətlisi işgəncə vermək hesab olunur və Sərdar Cəlaloğlunun işgəncəyə məruz qalması bu qərarda əks olunub. Eyni zamanda, Sərdar bəyin işgəncələrə məruz qalması ilə bağlı verdiyi şikayətlər səmərəli şəkildə araşdırılmayıb. Bundan başqa, Avropa Məhkəməsi müəyyən edib ki, Avropa Konvensiyasının 13-cü maddəsi pozulub və Sərdar Cəlaloğlunun səmərəli hüquq vasitələrindən istifadə hüququ yolverilməz dərəcədə tapdanıb", - deyə vəkil əlavə edib.

Onun sözlərinə görə, sonrakı addımları belə hərəkətlərə yol vermiş şəxslərin - Sərdar Cəlaloğluna işgəncə vermiş, buna göstəriş vermiş, işgəncələrlə bağlı edilən şikayətləri lazımı qədər araşdırmamış müstəntiqlərin, istintaq qrupunun, hakimlərin məsuliyyətə cəlb olunması üçün işlər görməkdən ibarət olacaq.

S.Cəlaloğlu isə deyib ki, ona işgəncə verdiklərinə, buna göz yumduqlarına və verdiyi şikayətləri lazımı səviyyədə araşdırmadıqlarına görə, Nəsmi rayon Məhkəməsini hakimi Gülnarə Tağızadənin, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Müstəcəb Əliyevin, bu idarənin əməkdaşı Səməd Cəfərovun, daxili işlər nazirinin müavini Vilayət Eyvazovun, Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin sabiq rəisi Tahir Kazımovun, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməinin hakimi Mənsur İbayevin, Ali və Appelyasiya məhkəmələrinin bir qrup hakimlərinin və digər şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün lazımı orqanlara müraciət edəcək:

"Bu qərar ona görə əhəmiyətlidir ki, hamı bilməlidir ki, insana işcəngə vermək olmaz. Bütün beynəlxalq qanunlar bunu qadağan edir."

O, şikayətinin təmin olunmasındakı əməyinə görə vəkili Fuad Ağayevə təşşəkür edib.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti