...

Deputat Q.Paşayeva AŞPA-nın sessiyasında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqlara qarşı törədilən zorakılıqlar barədə məruzə edib

Siyasət Materials 23 Yanvar 2007 17:00 (UTC +04:00)
Deputat Q.Paşayeva AŞPA-nın sessiyasında Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqlara qarşı törədilən zorakılıqlar barədə məruzə edib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hazırda davam edən qış sessiyasında bu gün - yanvarın 23-də azərbaycanlı deputat Qənirə Paşayeva "Qurban uşaqlar - zorakılığın, istismarın və təhqirin bütün formalarının aradan qaldırılması" mövzusunda aparılan müzakirələrdə məruzə edib. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva məlumat verib.

Q.Paşayeva məruzəsində dünyada uşaqların hələ də zorakılığa məruz qaldığını, hər il minlərlə uşağın qətlə yetirildiyini, iqtisadi cəhətdən istismar olunduğunu, alınıb-satıldığını qeyd edib. Deputat uşaqlardan əmlak kimi istifadə edilməsi, fahişəliyə təhrik olunması, gizli emalatxanalarda bədən orqanlarının satılması hallarından danışıb, belə halların getdikcə artıdığını vurğulayıb. Q.Paşayeva Azəraycanda uşaq problemlərinin həllinə yardım məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövət Komitəsinin yaradılması, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması üçün ölkəmizdə proqramlar həyata keçirilməsi barədə məlumat verib. Onun məruzəsində uşaqların qurbana çevrilməsinin səbəbləri, buna qarşı lazım olan tədbirlərdən danışılıb, təkliflər irəli sürülüb.

Q.Paşayeva Azərbaycan Respublikasının uşaq hüquqları ilə bağlı beynəlxalq və hüquqi sənədləri ratifikasiya etdiyini diqqətə çatdırıb. Onun məruzəsində bildirilib ki, günahsız uşaqların istismar edilməsi, girov götürülərək əməyindən amansızlıqla istifadə olunması, bədən orqanlarının satılması, mənəvi zorakılıq kimi hallar Ermənsitanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsindən sonra azərbaycanlıların üzləşdiyi problemlərdir: "Bir aydan sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın 15 ili tamam olacaq, həmin şəhərdə ermənilər onlarla uşağa işgəncə verərək öldürüb, onlarla uşaq girov götürülüb, itkin düşüb. Ümumiyyətlə, Ermənistanın Azərbaycana təcavüzündən sonra yüzlərlə azərbaycanlı uşaq girov götürülüb, onların çoxu indiyədək də azad edilməyib, taleləri barədə məlumat almaq mümkün deyil. Ermənistanın təcavüzü nəticəsində on minlərlə uşaq qaçqın-köçkün düşərək qaçqın düşərgələrində məskunlaşıblar, nəticədə sağlamlıqlarını itiriblər"-deyə məruzəsində Q.Paşaye
va vurğulayıb.

Azərbaycanlı deputat qeyd edib ki, beynəlxalq qurumların qətnamələrinə məhəl qoymayaraq Ermənstanın öz təcavüzünü dayandırmaması nəticəsində uşaqlara qarşı zorakılıq halları, onların ev-eşiklərinin həsrəti ilə mənəvi-psixoloji zorakılıq altında yaşaması davam edir.

Azərbaycan nümayəndə heyətinin digər üzvü Rafael Hüseynov da çıxış edərək Ermənsitanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində uşaqlara qarşı törədilən cinayətlər barədə danışıb.

AŞPA-nın günün ikinci yarısında keçiriləcək toplantısında enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə olunması məsələsi, həmçinin Ermənistanın götürdüyü öhdəliklərlə bağlı müzakirələr aparılacaq. Bu müzakirələrdə də Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək fikirlərini bildirəcəklər.

Xəbər lenti

Xəbər lenti