Rusiyada miqrasiya ilə bağlı yeni qanun qüvvəyə mindikdən sonra bu ölkənin bazarlarında çalışan azərbaycanlılar satdıqları bütün məhsulların qiymətini artırmağa məcbur olublar. Bu barədə Trend ə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Moskva şəhər təşkilatının sədri İlqar Hacıyev məlumat verib.
O qeyd edib ki, Rusiya bazarlarında çalışan azərbaycanlılar qeydiyyat problemlərinə görə özləri birbaşa alış-veriş işlərində iştirak edə bilmirlər. Ona görə də yeni qanunun tələblərinə görə, Rusiyada daimi qeydiyyatı olan şəxsləri satıcılığa götürürlər: "Soydaşlarımız artıq özlərinin kiçik müəssisələrini yaradırlar, yəni, obyektlərinə satıcı götürür, özləri isə kənardan nəzarət edirlər. Satıcıya əmək haqqı verdiyinə, əlavə işçi qüvvəsi cəlb etdiklərinə görə, əlavə xərclərini ödəmək məqsədilə qiymətləri bahalaşdırıblar. Bəzi soydaşlarımız isə ticarət fəaliyyətini dayandıraraq başqa sahələrdə işləmək üçün icazə istəyirlər".
İ.Hacıyev bildirib ki, Rusiyada daimi qeyiyyatsız yaşayan soydaşlarımızın işsiz qalmaması üçün Moskvada miqrasiya fondu yaradılıb və hansı sahələrdə iş yerləri olduğunu araşdırır, müəyyən sayda azərbaycanlılara bu məsələdə yardım göstərir.