...

YAP sədrinin müavini Əli Əhmədov: "ADP-nin radikal mövqedən imtina etməsi digər müxalifət partiyalarına da sirayət edərsə, bu, dialoq ab-havasının formalaşmasına müsbət təsir göstərə bilər"

Siyasət Materials 8 Fevral 2007 15:26 (UTC +04:00)

"ADP-nin radikal mövqedən imtana etməsi digər müxalifət partiyalarına da daha ciddi şəkildə sirayət edərsə, bütövlükdə bu, Azərbaycanda siyasi partiyalar, iqtidar və müxalifət partiyaları arasında normal, sivil münasibətlərin, dialoq ab-havasının formalaşmasına müsbət təsir göstərə bilər." Trend in məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov belə deyib.

Ə.Əhmədov vurğulayıb ki, uzun müddət YAP bir sıra müxalifət partiyalarının dəyişilməyə ehtiyacı olduğu barədə fikirlər səsləndirib: "Azərbaycan cəmiyyəti son illər çox böyük dəyişikliklərə məruz qalıb. Ölkəmiz daha demokratik olub və təbii ki, ictimai münasibətlər də daha sivill bir şəkildə qurulmaqdadır. Bütün bunlara uyğun olaraq Azərbaycan müxalifətinin də yeniləşməsinə ciddi ehtiyac duyulduğu aydın şəkildə hiss edilməkdədir."

YAP rəsmisi vurğulayıb ki, təəssüf ki, müxalifət düşərgəsinə aid olan qüvvələr, qruplaşmalar zamanın tələbi ilə ayaqlaşmağa hazır olmadıqlarını hələ də göstərməkdədirlər. Onlar yeniləşmə haqqında nəinki düşünmürlər, bununla bağlı səsləndirilən fikirləri də süngü ilə qarşılayaraq çox əcaib bir mövqe nümayiş etdirirlər.

Ə.Əhmədov xatırladıb ki, son zamanlar müxalifət düşərgəsində vaxtilə öz radikallığı ilə seçilən Azərbaycan Demokrat Partiyası indiyədək tutduqları radikal mövqenin səhv olduğunu dərk etdiklərini və buna görə radikalçılıqdan əl çəkərək konstruktiv müxalifətçilik mövqeyinə keçdiklərini bəyan ediblər: "Biz bütövlükdə belə bir bəyanatı və bu bəyanatın səsləndirilməsinə gətirib çıxaran mövqe dəyişikliyini müsbət qiymətləndiririk. Hesab edirik ki, belə bir addım Azərbaycanda siyasi partiyalar və qüvvələr arasında sivil, normal, demokratik səciyyə daşıyan münasibətlərin qurulması üçün çox ciddi və etibarlı əsas yaradır. Əfsus ki, müxalifət düşərgəsində səsləndirilən bu fikirləri, ADP-nin radikalçılıq mövqeyindən əl çəkərək konstruktiv müxalifətçilik mövqeyinə keçməsini süngü ilə qarşılayıblar və beləliklə də, növbəti dəfə həmin partiyalar dəyişikliyə meyilli olmadıqlarını göstəriblər."

Onun sözlərinə görə, vaxtilə radikal mövqeyi ilə seçilən ADP nəhayət ki, radikalçılığın həm partiyanın özü, həm də bütövlükdə cəmiyyət üçün ziyanlı olduğunu dərk etdiyi kimi, bu gün radikalçılıqdan əl çəkməyə hazır olmayan müxalifət qüvvələri də nə vaxtsa, indi müdafiə etdikləri mövqenin yanlış olduğunu dərk edəcəklər.

YAP rəsmisi bildirib ki, indinin özündə artıq müxalifət düşərgəsində çox ciddi təhlillər aparılır və təhlillər nəticəsində öz mövqeyini dəyişməyə hazır olmayan bir sıra müxalifət partiyalarının liderlərinin tutduğu mövqeyə görə ciddi şəkildə mərkəzdənqaçma proseslərinin baş verdiyi müşahidə olunmaqdadır. Düşünürəm ki, ADP-nin bu mövqeyi digər müxalifət partiyalarına da daha ciddi şəkildə sirayət edərsə, bütövlükdə bu, Azərbaycanda siyasi partiyalar, iqtidar və müxalifət partiyaları arasında normal, sivil münasibətlərin, dialoq ab-havasının formalaşmasına müsbət təsir göstərə bilər: "Biz həmişə bu cür münasibətlərin formalaşmasının tərəfdarı olmuşuq."

Xəbər lenti

Xəbər lenti